Regional kanal sahibindən aldatılma yolu ilə alınıb

Xaçmazda yerləşən “Qütb” Teleradio Şirkətinin hal-hazırkı təsisçisinin kimliyi gizli saxlanılır. Bu barədə bu gün (09 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) şirkətin keçmiş təsisçisi Mahir Orucov məlumat verib. M. Orucovun sözlərinə görə, hüquqi ünvanı Qubada, fəaliyyəti isə Xaçmazda olan “Qütb” Teleradio Şirkətinin təsisçiliyi aldadılaraq onun əlindən alınıb:

“2010-cu ildə “Regional TV” nin icraçı direktoru Məsim Məsimovun təklifi və iştirakı ilə “Qütb”ü mənim  tanımadığım bir şəxsə satmaq qərarına gəldim. Sənədləşmə başa çatandan sonra verilməli olan pulun qalan hissəsi yarımçıq ödənildi. Xırda bir məbləğ idi, yalnız şirkətin borclarını ödəyə bildim. Ancaq sonra xəbər tutdum ki, mənə böyük bir məbləğə qol çəkdiriblər. Heydər Əliyev Fondunun adından istifadə etdilər. Guya TV-ni həmin fond alır deyə, təsisçinin kimliyi gizli saxlanılır.

Sonradan bildim ki, sənəddə göstərilən məbləğ real ödəniləndən daha iri məbləğ olub. Alqı-satqı zamanı o məbləğ bank hesabına keçirilməli idi, mən də hesabdan çıxarmalıydım. Ancaq köçürmədilər, kiçik bir məbləği birbaşa özümə verdilər. Dedilər bir hissəsini də sonra verərik. Sonra da hər şey ört-basdır olundu. 3 ildir sənədi ala bilmirəm.

Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu Firdovsi Məmmədov 3 ildir ki, bu müqaviləni mənə vermir” –deyən M.Orucov bu səbəbdən hüquqlarını məhkəmə müstəvisinə çıxara bilmədiyini qeyd edib.

Previous Post

Jurnalist polis təzyiqinə məruz qalıb

Next Post

“Azadlıq” radiosunun bölgə müxbiri saxlanılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.