“RUH” AZƏRBAYCAN JURNALİSTLƏRİNİN MÜDAFİƏ KOMİTƏSİ SORĞU KEÇİRİB

dekabr 2nd, 2009
“Ruh” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi (AJMK) Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Diffamasiya haqqında qanunun qəbulunda ictimai təşəbbüslərin rolu” layihəsi üzrə nazirliklər, dövlət qurumları, idarə, müəssisə və təşkilatlar arasında keçirilmiş sorğunun nəticələrinə dair hesabatı açıqlayıb.

“Ruh”AJMK-dan RATİ-yə daxil olan məlumata görə, sorğuda müxtəlif qurumlardan 500-dək respondentin iştirakı təmin olunub və onlara 4 sual ünvanlanıb.
Rəyi soruşulanların 67 faizi Cinayət Məcəlləsində jurnalistlərin yazdıqları yazılara görə azadlıqdan məhrum edilməsini nəzərdə tutan müddəaların mövcudluğunu müsbət hal sayıb. Respondentlərin 17 faizi düşünür ki, azadlıqdan məhrumetmə cəzasını digər cəza tədbirləri ilə əvəzləmək daha yaxşı olar. 16 faiz məsələyə münasibət bildirməkdə çətinlik çəkib.
Respondentlərin 37 faizi Cinayət Məcəlləsində jurnalistin yazdığı yazıya görə cəzalandırılması ilə bağlı nəzərdə tutulan tədbirləri razılıqla qarşılayır. 31 faiz hesab edir ki, vəziyyətdən çıxış yolu Cinayət Məcəlləsinə bir sıra sərtləşdirici əlavələrin edilməsindədir. Ancaq 13 faiz Cinayət Məcəlləsində jurnalistin yazdığı yazıya görə cəzalandırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin yumşaldılmasını (13%) təklif edib. Rəyi soruşulanların 19 faizi məsələyə münasibət bildirməkdə çətinlik çəkib.
“KİV-də barənizdə gedən böhtana, təhqirə qarşı hansı tədbirləri görərdiniz?” sualına cavab verən respondentlərin 32 faizi məhkəməyə getməyə üstünlük verdiklərini dilə gətirib. 31 faiz Mətbuat Şurasına üz tutmağı məsləhətli sayıb. Rəyi soruşulanların 15 faizi bildirib ki, redaksiya və müəlliflə əlaqə yaradıb məsələyə aydınlıq gətirilməsinə çalışardı. Jurnalisti yazıya görə özü cəzalandırmaq istəyən olmayıb. Respondentlərin 22 faizi bu məsələyə əhəmiyyət verməyəcəyini dilə gətirib.
Sorğu zamanı rəyi soruşulanların 23 faizi KİV-də barəsində gedən təhqir və böhtana görə məhkəməyə müraciət edərsə, müəllifin azadlıqdan məhrum edilməsini istəyəcəyini söyləyib. Respondentlərin 21 faizi KİV-in fəaliyyətinin dayandırılmasını tələb edəcəyini söyləyib. 20 faiz müəllifin və KİV-in cərimələnməsinin tərəfdarıdır. Respondentlərin 20 faizi təkzib və üzrxahlıq mətninin dərcini tələb etməyin tərəfdarıdır. Rəyi soruşulanların 24 faizi isə məhkəməyə baş vurarsa, ümumiyyətlə, KİV-in fəaliyyətinin dayandırılmasının tərəfdarıdır.