Bu gün (12 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Tatyana Qoldmanın sədrliyi ilə hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun “AzTV” və “Lider” telekanallarına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, Əli İnsanovun vəkilləri məhkəmə tərkibinə etiraz etsələr də, hakim verilmiş vəsatəti təmin etməyib.
Məlumata əsasən, Ə. İnsanov “AzTV” və “Lider” TV-də nümayiş olunan filmdə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını, filmdə nümayiş olunan zinət əşyalarının ona mənsub olmadığını iddia edir.
Növbəti məhkəmə prosesi iyun ayının 14-ə təyin olunub.
Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov ötən il müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.