TELERADİO ŞURASININ SON MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ NARAZILIQLA QARŞILANDI

yanvar 19th, 2011
Yanvarın 19-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  mətbuat mərkəzində 103.3  FM tezliyi üzrə müsabiqənin nəticələrindən narazı iddiaçılar  – "Obyektiv – Televiziya və Radio Yayım Şirkəti" MMC ("Radio Obyektiv")  və fiziki şəxs – Cəfərov Rəsul Ağahəsən oğlu ("Alternativ radio") birgə mətbuat konfransı keçirdilər.

"Radio Obyektiv"-in təsisçilərindən biri olan RATİ sədri Emin Hüseynov müsabiqənin saxta keçirildiyini iddia etdi. “Dünən MTRŞ noyabrın 25-dən elan etdiyi radio müsabiqəsinin iştirakçıları ilə iclas keçirdi. Bizim cəmiyyətin təsisçiləri və  fiziki şəxs Rəsul Cəfərov iclasda iştirak edirdik. “Golden Prince” MMC-dən isə tədbirə 2 nəfər gəlmişdi. MMC-nin direktoru Eldar Niftəliyev olduğu halda Vüsalə adlı bir şəxs təşkilat adından çıxış edirdi.  Müzakirələr bitdikdən sonra şura üzvləri 10 dəqiqəlik qapalı iclas keçirdilər. İclasdan sonra müsabiqənin qalibinin “Golden Prince ”MMC- nin olduğunu bildirdilər. Biz bu cəmiyyətin təsisçilərinin kim olduğunu soruşanda bunun heç bir əhəmiyyət daşımadığı bildirildi və  təsisçilərin adları açıqlanmadı ” – deyə Emin Hüseynov bildirdi.
"Radio Obyektiv"-in digər təsisçisi, ”Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bildirdi ki,  tezlik ədalətsizliklə “Golden Prince” verildi.
 
“Müzakirələr zamanı bizə müxtəlif suallar verdilər. Biz onlara bildirdik ki, biz artıq bu sahədə 20 ildir ki, işləyirik və  bu müddət ərzində pozuntulara yol verməmişik. Eyni zamanda biz bu sahəyə yeni standartlar gətirəcəyimizi bildirdik. Lakin bütün bunlara baxmayaraq onlar əsas kimi onu gətirdilər ki, digər  şirkət 90 faiz xəbərlər yayımlayacaq və  diasporla işləyəcəklər. Ancaq mən düşünürəm ki, bütün radiolar eyni mövqedən çıxış edir və  bu radio da heç bir yenilik gətirməyəcək” – deyə Əliyev əlavə etdi.
Müsabiqənin digər iştirakçısı Televiziya və Alternativ Media İnkişaf Mərkəzinin rəhbəri  Rəsul Cəfərov isə bildirdi ki, görüş tamaşa idi və orda səslənən fikirlər də absurd idi.
 
“Mənə bildirdilər ki, sən kadr məlumatlarında 4 nəfərin adını yazmısan. Halbuki orda 9 nəfərin adı var idi və  hər biri də yüksək səviyyəli, televiziya və radio sahəsində təcrübəsi olan insanlar idi. Mən bu müsabiqədən qabaq şuraya  radio açmaq üçün müraciət etmişdim və  bununla bağlı məhkəməyə müraciət etmişəm. Hal-hazırda isə fevralın 3-də apellyasiya məhkəməsində bu işə baxılacaq” – deyə Rəsul Cəfərov qeyd etdi.
Emin Hüseynov və Rəsul Cəfərov bildirdilər ki, son müsabiqə ilə bağlı da  məhkəməyə müraciət ediləcək.
Xatırladaq ki, MTRŞ 103.3 FM tezliyi üzrə yayım müsabiqəsini 25 noyabr 2010-cu ildə elan etmişdi və  müsabiqədə 2 şirkət “Obyektiv –Televiziya və Radio Yayım Şirkəti ” MMC və “Golden Prince” MMC və  fiziki şəxs Rəsul Cəfərov iştirak edirdi.
Qeyd edək ki, 2009-cu ilə qədər 103.3 tezliyində BBC radiostansiyası yayımlanırdı. Lakin yanvarın 1-dən hökumət BBC-nin və eyni zamanda «Amerikanın səsi» və «Azadlıq» radiolarının yerli tezliklərdə yayımını dayandırıb.
Hazırda Azərbaycanın FM tezliklərində 11 radio  yayımlanır və onlarda alternativ baxış və fikirlər  demək olar ki, səslənmir.