TELEVİZİYA VƏ ALTERNATİV MEDİA İNKİŞAF MƏRKƏZİ ƏDLİYYƏ NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERİB

Televiziya və Alternativ Media İnkişaf Mərkəzi (TAMİM) İctimai Birliyi dövlət qeydiyyatına alınmadığı üçün məhkəməyə müraciət edib. TAMİM təsisçiləri Cəfərov Rəsul və Heybətov Əhməd tərəfindən imzalanan iddia ərizəsi avqustun 9-da Yasamal rayon Məhkəməsinə təqdim edilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna TAMİM-dən məlumat daxil olub.

 

İddia ərizəsində Ədliyyə Nazirliyinin TAMİM-i müxtəlif bəhanələrlə dövlət qeydiyyatına almaqdan imtina etməsi göstərilir. Belə ki, qeydiyyatdan imtina ilə bağlı bir məktubda göstərilməli olan səbəbləri Ədliyyə Nazirliyi ayrı-ayrı vaxtlarda müxtəlif məktublarda göstərməklə təşkilatın qeydiyyata alınmasından 3 dəfə imtina etmişdir. Nazirlik heç bir əsas olmadan sənədlərə baxılma müddətini 2 dəfə 30 gün (ümumilikdə 60 gün) müddətinə artırmışdır. Nəticədə TAMİM bir ildən artıqdır ki, dövlət qeydiyyatına alınmır.

 

Ərizədə məhkəmədən Ədliyyə Nazirliyinin bu hərəkətinin İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsinin (birləşmək azadlığı) və Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin (birləşmək hüququ) pozuntusu kimi tanınması, Ədliyyə Nazirliyinin üzərinə təşkilatı qeydiyyata almaq vəzifəsinin qoyulması və təsisçilərə dəymiş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 5000 manatın ödənilməsi barədə qətnamənin çıxarılması xahiş edilib.  

 

Qeyd edək ki, TAMİM 2009-cu il avqustun 5-də təsis edilib, təşkilatın əsas məqsədi telekanalların və alternativ media vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə kömək etməkdən ibarətdir.

 

Previous Post

EYNULLA FƏTULLAYEV DEPUTATLIĞA NAMİZƏDLİYİNİ VERİR

Next Post

ATƏT VƏ MƏTBUAT ŞURASININ TƏŞKİLATÇILIĞI İLƏ DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.