
Prosesdə iddiaçının vəkili Elçin Sadıqov çıxış edərək bildirdi ki, Səyyar vergi yoxlaması 30 iş günü müddətində aparılmalıdır. Lakin onlar bu müddət bitdikdən sonra da səyyar yoxlama aparmağa davam etmişlər. E. Sadıqov səyyar yoxlama aparılmasının qanunsuz olduğunu bildirdi və məhkəmədən xahiş etdi ki, onların şikayəti təmin edilsin, vəkilin tutulması üçün çəkilən xərclər cavabdeh tərəfindən ödənilsin.
Hakim S. Bəktaşi 1 saylı İqtisad Məhkəməsinin 29 may 2009-cu il tarixli qərarını qüvvədə saxlayaraq, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar verdi.
Xatırladaq ki, iddiaçı “Turan Servis” Şirkətinin Bakı şəhər VD-inə qarşı Səyyar vergi yoxlamasının keçirilməsi barədə 0801020031979300 №-li bildirişin, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 07.07.3008-ci il tarixli 08000100148398 №-li qərarın, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın müddətinin uzadılması haqqında olan 17.09.2008-ci il tarixli 08001700692341 №-li qərarın, Səyyar vergi yoxlaması haqqında 18.09.2008-ci il tarixli 08000102683297 №0-li AKT-ın etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçıdan tutulmuş 972 manat 54 qəpik pul məbləğinin ona geri qaytarılması, vurulmuş maddi zərərə görə iddiaçıya 7000 manat, iddiaçının çəkdiyi məhkəmə xərclərinə görə 2000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, icranın dayandırılması barədə məhkəmə qərardadı olduğu halda cavabdehin iddiaçının bank hesablarına yeni sərəncamlar qoyması və iddiaçının hesabından pul sildirməsinin qanunsuz hesab olunmağını tələb edir. 29 may 2009-cu ildə 1 saylı Bakı İqtisad Məhkəməsi qismən təmin edilməsi barədə qərar çıxarılıb.