“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU HƏBS EDİLDİ

Oktyabrın 28-də axşam saatlarında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən  "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı saxlanılıb.

Axşam saat 22.30 radələrində Nəsimi rayon Məhkəməsi Zeynallı haqqında 3 ay müddətinə  həbs qətimkan tədbiri seçib.

Zeynallının vəkili Elçin Sadıqovun verdiyi xəbərə görə, həbsin  səbəbi oktyabrın 19-da Azərbaycan parlamentinin  deputatı Gülər Əhmədovanın şikayəti ilə ona qarşı açılmış cinayət işi ilə bağlıdır. Sonuncu redaktorun ondan güya pul tələb etdiyini  iddia edir.

Lakin dünən Əvəz Zeynallı həmkarlarına bildirib ki, Əhmədova onun yanına gələrək, hakimiyyətə qarşı loyallığı müqabilində pul təklif edib.

Qeyd edək  ki,  Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasına əsasən çıxarılmış 10.000 manat və KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası üzrə çıxarılmış  5.000 manat, və müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə çıxarılmış 4.000 manat cəriməyə görə 2011-ci ilin may ayında “Xural” qəzetinin əmlakı siyahıya alınmışdı. Amma qəzetin cərimələri ödəməyə maddi imkan olmadığından icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.  

Xatırladaq ki, oktyabrın 19-da Nərimanov rayon məhkəmə icraçıları “Xural” qəzeti redaksiyasının əmlakına baxış keçirib və qəzet gündəlik dərc olunandan sonra alınan avadanlıqlar siyahıya alınaraq, daha sonra müsadirə edilib.  Praktik olaraq müsadirə olunan mülkün çox az hissəsi “Xural” qəzetinə məxsus olub. Habelə məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyası ilə eyni binada yerləşən “liberal.az” saytının bir otaqlı ofisindəki əmlakın da “Xural” qəzetinə aid olduğunu ehtimal etdiklərini deyərək müsadirə ediblər. Bir gün sonra isə mətbəə də qəzetin çap edilməsindən  imtina edib.

“Xural” qəzeti 2002-ci il oktyabr ayından həftəlik, 2011-ci il sentyabrın 20-dən gündəlik dərc olunur.

 

Previous Post

REDAKTORLAR BİRLİYİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.