DÖVLƏT BÜDCƏSİNDƏN AZTV-YƏ İTV-DƏN İKİ DƏFƏ ÇOX VƏSAİT AYRILIB

İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV)  2009-cu ildə dövlət büdcəsindən 13,5 milyon manat ayrılıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin  rəhbəri Tahir Məmmədov mətbuata açıqlamasında bildirib ki, həmin vəsaitin təqribən 40 faizi əməkhaqqı və qonorara, 5 faizi təsərrüfat xidmətləri və kommunal xərclərə yönəldiləcək. “Təxminən 1,5 milyon manat beynəlxalq təşkilatlara üzvlükhaqqı, peyk və yerüstü ötürücülərin icarə haqqına sərf olunacaq. Yerdə qalan vəsait isə əsasən, böyük layihələrin reallaşdırılmasına yönəldiləcək” – deyən T. Məmmədov vurğulayıb ki, bu ildən mürəkkəb və orijinal layihələrin də həyata keçirilməsi nəzərdə tutulub.
“Azərbaycan Televiziya və Radio Verilişləri”  (AZTV) Qapalı Səhmdar  Cəmiyyətinə isə  2009-cu ilin dövlət büdcəsindən 27 milyon 722 min 61 manat vəsait ayrılıb. Bu barədə RATİ-yə qurumun mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib. Lakin bu məbləğin hansı formada xərclənməsi barədə məlumat vermək istəməyən X. Qasımova, bunun kommersiya sirri olması ilə izah etdi.
Xatırladaq ki, İctimai Televiziyaya Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbata görə Avropa Şurasının tövsiyəsi ilə yaranıb. İTV ictimaiyyətin fikrini işıqlandırmaq, seçkilərdə pulsuz efir vaxtı ayırmaq, maarifləndirmə və s. məqsədlərlə yaradıldığı üçün dövlət büdcəsindən maliyyələşməsi başa düşüləndir. Ancaq hələ də dövlətə məxsus olub-olmaması mübahisə mövzusu olduğu halda, AZTV-nin dövlət büdcəsindən maliyyələşməsi, xüsusilə bu kanala İTV-dən  təxminən iki dəfə çox vəsait ayrılması heç bir kriteriyaya sığmır.
Previous Post

“SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ” MƏRKƏZİ REFERENDUMLA BAĞLI HESABAT AÇIQLAYIB

Next Post

MTRŞ YUXARI İNSTANSİYALARIN QƏRARINI GÖZLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.