BƏXTİYAR HACIYEV YENİDƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ QAYTARILDI

Dekabrın 5-də  keçmiş deputatlığa namizəd, gənc blogger Bəxtiyar Hacıyev  köçürüldüyü Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsindən yenidən 14 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın   hüquqlarının müdafiə komitəsinin sədri Rail Abbasov məlumat verib.

R. Abbasovun sözlərinə görə B.Hacıyev  soyuqdəymə ilə əlaqədar Müalicə Müəssisəsinə köçürülmüşdü: “Bu gün səhər saatlarında Bəxtiyarla görüşmək istəyirdim, lakin mənə bildirdilər ki, o artıq cəzaçəkmə müəssisəsinə qaytarılıb”, – deyə qeyd edən  Abbasov onu da bildirdi ki,  dekabrın 6-da saat 11:00-da  Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə B. Hacıyevin kassasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub. Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 may  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

Previous Post

VƏKİL ELÇİN SADIQOV OMBUDSMANA MÜRACİƏT EDİB

Next Post

DAHA BİR JURNALİSTƏ YAŞADIĞI EVİN YANINDA HÜCUM EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.