Aprelin 20-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi baş tutmayıb. Bu barədə Obyektv TV-yə Bəxtiyar Hacıyevin vəkili Elçin Namazov məlumat verib.
“Proses bu günə təxirə salınanda, müdafiə tərəfi olaraq bildirmişdik ki, iş üzrə bir sıra sənədlər, vəsatətlər hazırlayırıq. Dünən keçirilən prosesdən sonra məsələni hakimlə müzakirə etdik və məhkəmə prosesi 21 aprel saat 10:00-a təyin edildi” – deyə vəkil bildirib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. Hüquq mühafizə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.