“BAKI ZAMAN” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ ŞİKAYƏT ƏRİZƏSİNİN ARAŞDIRILMASININ YUBANMASINDAN NARAHATDIR

Xəbər verdiyimiz kimi “Bakı Zaman” qəzetinin Azərbaycanın cənub bölgəsi üzrə  müxbiri Rahib Həşimov bu ilin iyun ayında yazdığı məqaləyə görə Lənkəran Regional Enerji Satış Şöbəsinin (REST) rəis müavini Mələkrəm Mirzəyev tərəfindən  ölümlə hədələndiyini bildirmişdi.

Mələkrəm Mirzəyev isə RATİ-nin əməkdaşı ilə söhbətində bunu inkar etmiş və jurnalistin onun üzərinə şər atdığını söyləmişdi. Rahib Həşimov hadisədən sonra Lənkəran Rayon Prokurorluğuna müraciət etmiş, Prokurorluq isə işə baxılmaq üçün ərizəni Lənkəran Şəhər Polis İdarəsinə göndərmişdi.

Bu gün (12 sentyabr) RATİ ilə əlaqə saxlayan Həşimov ərizəsinin araşdırılmasının yubanmasından narahat olduğunu vurğulayıb. “Ərizəmin araşdırılması Lənkəran Şəhər Polis İdarəsində Fuad Əliyev adlı təhqiqatçıya həvalə olunmuşdu  və araşdırma iyul ayına kimi bitməli idi. Lakin Fuad Əliyevlə iyuldan avqustun ortalarına qədər dəfələrlə əlaqə saxlasam da o mənə gözləməyi və araşdırmanın davam etdiyini deyirdi. İşin yubandığını gördükdə mən dövlət başçısına və hüquq-mühafizə orqanlarına müraciət etdim. Bir neçə gün bundan əvvəl isə Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinin rəisi Zöhrab Qəndilovun imzası ilə daxil olan məktubda bildirilir ki, ərizədə göstərilən hal üzrə cinayət tərkibi müəyyənləşdirilməmişdir. Bundan bir gün sonra isə Respublika Prokurorluğundan Lənkəran Şəhər Polis İdarəsinə göndərilən məktub mənə də ünvanlanıb. Orada göstərilir ki, mənim ərizəm Lənkəran Şəhər Polis İdarəsinin digər təhqiqatçısı Murad Rzayeva verilib. Ümid edirəm ki, bu səfər ərizəmə qısa müddətdə və obyektiv baxılacaq” – deyə Həşimov qeyd edib. Həşimov sabah (13 sentyabr) Lənkəran Şəhər Polis İdaərəsinə gedəcəyini də deyib.                   

RATİ-nin əməkdaşı Lənkəran Şəhər Polis İdarəsinin təhqiqatçısı Murad Rzayevlə də əlaqə saxlayıb. Rzayev jurnalistin şikayət ərizəsi üzrə hələ heç bir tədbirin görülmədiyini, yaxın günlərdə həm Həşimovun, həm də Mələkrəm Mirzəyevin dindirələcəyini söylədi. Bununla belə Rzayev artıq şikayət ərizəsi ilə tanış olduğunu və Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin açılmasının mümkünlüyünü  də bildirdi.

Previous Post

ŞƏRQ-QƏRB İNFORMASİYA MAGİSTRALI LAYİHƏSİ HAZIRLANILIR

Next Post

DÜNƏN AZƏRBAYCANIN İNTERNETLƏ TƏMİNATINDA PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.