Azadlıq qəzetinin bank hesabından həbs götürülüb

iyun 28th, 2013

1

“Azadlıq” qəzetinin bank hesabına Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun məhkəmə iddiası əsasında qoyulan həbs götürülüb. Bu barədə bu gün (27 iyun)  Reportyor ların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

R. Hacıyevin sözlərinə görə, iyunun 19-da Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi qərarla qəzetin bank hesabı üzərindən həbs götürülüb.

“Qarşı tərəflə razılaşmaya görə, ayda 400 manat uşaq evinə ödəniləcək. Amma hansı uşaq evinə ödəniş ediləcəyi bilinmir. Məbləğin ödəniləcəyi uşaq evini qarşı tərəfin vəkili müəyyənləşdirəcək”-deyə Rahim Hacıyev qeyd edib.

Xatırladaq ki,  “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Məhkəmə 13 iyun 2012-ci il tarixdə  “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib. Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmə 14 fevral 2013 tarixində kassasiya şikayətini təmin etməyib. Aprelin 5-də Yasamal Rayon İcra Şöbəsindən “Azadlıq” qəzetinin redaksiyasına bildiriş daxil olub və bildirişdə 10 gün müddətində qərarı icra etməli olduğu, bu müddət keçdikdən sonra isə icranın məcburi qaydada təmin ediləcəyi qeyd olunub. 16 aprel 2013-cü il tarixində Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub.