Vəkil jurnalistin işgəncəyə məruz qalması ilə bağlı yeni ekspertizanın keçirilməsinə çağırır

Nicat (5)

Jurnalist Nicat Əliyevin vəkili Abil Bayramov müdafiə etdiyi şəxsin polisdə işgəncə və zorakılığa məruz qalması ilə bağlı düzgün məhkəmə istintaqının aparılmasına çağırıb. İyunun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Jurnalistin vəkili  Abil Bayramov N. Əliyevin müdafiəçilərinin iştirakı olmadan tibbi ekspertizaya cəlb edildiyini bildirib.

“Bugünkü prosesdə məhkəmənin diqqətinə çatdırdıq ki, bizim N. Əliyevin saxlanılan zaman  polis bölməsində işgəncələrə məruz qalması ilə bağlı  tibbi ekspertizadan keçirilməsi ilə bağlı vəsatətimiz ötən proseslərdə  təmin olunub və vəsatətdə biz ekspertizanın onun müdafiəçilərinin iştirakı ilə keçirilməsini xahiş etmişdik. Bu vəsatət də tam təmin olunuşdu. Ancaq təəssüf ki, Nicatı onun müdafiəçilərinin iştirakı olmadan ekspertizaya aparıblar. Əliyev də vəkillərin iştirakı olmadan ekspertizanın keçirilməsindən imtina edib. Qeyd edim ki, ekspertiza keçirilməsinin yubadılması işgəncə izlərinin tamamilə itib getməsinə səbəb ola bilər. Bununla bağlı narahatçılığımızı məhkəmənin diqqətinə çatdırdıq və məhkəmə bu məsələ ilə bilavasitə maraqlanacağına söz verdi. Bundan başqa bu güngü prosesdə yetkinlik yaşına çatmayan bir şəxs onun qanuni nümayəndəsi olmadan şahid qismində  dindirilib. Bu çox ciddi bir qanun pozuntusudur və müdafiə tərəfi olaraq bunu məhkəmənin diqqətinə çatdırdıq. Bildirdik ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şahidlərin dindirilməsi onların qanuni nümayəndəsinin və pedaqoqların iştirakı ilə həyata keçirilə bilər ” –deyən vəkil A. Bayramov növbəti prosesin 4 iyul saat 10:30-a təyin edildiyini bildirib.

Xatırladaq ki, 2012-ci may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Previous Post

Mərhum jurnalistin ailə üzvləri prezidentə müraciət edib

Next Post

Azadlıq qəzetinin bank hesabından həbs götürülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.