“BİZİM YOL” QƏZETİNİN MÜXBİRİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏNİB

avqust 5th, 2009
“Bizim yol” qəzetinin müxbiri Natiq Cavadlı sahibkar Qüdrət Kərimov tərəfindən təhqirə məruz qaldığı və həbslə hədələndiyi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün öncə “Bizim yol” qəzetində sahibkar Qüdrət Kərimovun iqtisad elmləri doktoru alimlik dərəcəsinin Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmədiyi barədə yazı dərc etdirib. Bundan sonra iş adamı bir neçə gün telefonla əlaqə saxlayaraq jurnalisti reketçilikdə, şantajda, kimlərinsə sifarişi ilə işləməkdə ittiham edib.

Daha sonra  Natiq Cavadlını görüşə dəvət edərək, onunla avqustun 1-də «Xəzər» SC-nin Sumqayıtda yerləşən ofisində görüşüb. “Qüdrət Kərimov söhbətin videoya çəkiləcəyini bildirdi, normal qarşıladım. Təxminən 20 dəqiqə heç bir fakta əsaslanmadan yuxarıda səsləndirdiyi ittihamlarla bərabər məni düşmən adlandırdı, erməni mövqeyində dayanmaqda ittiham etdi. Daha sonra isə mən öz peşə borcumu yerinə yetirərək, ondan müsahibə götürdüm və “Bizim yol” qəzetinin dünənki  (04 avqust) sayında dərc etdirdim.  Sözügedən müsahibədə də məni məhkəməyə verəcəyi ilə bağlı hədələr var. Dünən özünü Qüdrət Kərimovun vəkili kimi təqdim edən şəxs də zəng edərək, sahibkarın məni Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir ) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verəcəyini bildirdi”.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Q.Kərimovla telefon vasitəsilə əlaqə yaratdıq. O məsələyə münasibət bildirmək üçün vaxtının olmadığını RATİ-nin əməkdaşına bildirdi.