RATİ-NİN SƏDRİNƏ QARŞI “QARA PİAR” KAMPANİYASINA BAŞLANILIB

“Səs” qəzetinin bu günkü (20 iyun) sayında “Emin Hüseynovun missionerlərlə işbirliyi sübuta yetirildi” başlıqlı yazı dərc olunub.

Yazıda qeyd edilir ki, məlumatlı mənbənin dediyinə görə RATİ-nin sədri Emin Hüseynov iyunun 14-də “Alaturka” restoranında Avropanın dini təriqətləri ilə əlaqələr qurub, Çe Gevaranın təbliğatının aparılmasının vacibliyi barədə fikirlər səsləndirib. Hüseynov lazım gələrsə, PKK ilə əlaqələr qurmağa cəhdlərin də göstərilməsini təklif edib. Lakin krişnaçı Dodi Kramnik bundan razı qalmayıb və onlar arasında yaranan mübahisə yumruq davasına çevrilib. Ona görə də restoranın rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb və hadisə yerinə gələn polis əməkdaşları pozucu qüvvələri sakitləşdirməyə müvəffəq olub. Vurğulanır ki, polis əməkdaşlarının Hüseynova xəsarət yetirməsi barədə iddialar gülünc və məntiqsiz yanaşmadır. Çünki azad, demokratik, hüquqi dövlət olan Azərbaycanda polisin sıravi vətəndaşa toxuna biləcəyi inandırıcı deyil.
 Bundan əlavə yazıda RATİ qondarma jurnalist təşkilatı kimi təqdim olunur.
RATİ-nin sədri E. Hüseynov məqaləyə münasibət bildirib: “Hesab edirəm ki, bu yazı olduqca qeyri-peşəkar jurnalistin təxəyyülüdür, ya da siyasi sifariş əsasında yazılan yazıdır. Məncə bu daha çox siyasi sifarişin icrasına bənzəyir”. Hüseynovun sözlərinə görə, “Səs” qəzetinin onun mövqeyini öyrənməməsi bunu bir daha sübut edir: ”Mən bununla bağlı qəzetə müraciət edəcəyəm və mövqeyimin öyrənilməməsinin səbəbini soruşacağam, belə ki, bu jurnalist etikasının pozulmasıdır. Bundan əlavə yazıda mənim barəmdə yazılan məlumatlar yalandır və mənim hər hansı təriqətlərlə əlaqədə olmağımı özümə qarşı iftira sayıram. Hər bir halda qəzetin özünün istəyi ilə və ya məhkəmə vasitəsilə yaxın günlərdə yazının müəllifi İ. Əliyevin təkzib verməsini istəyəcəyəm”.
*”Səs” qəzeti “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olsa da, qəzetin üz səhifəsində Azərbaycanda hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) loqosu əks olunub.

Previous Post

JMK XƏLİLİN ÖLKƏDƏN BURAXILMAMASINI SOVET DÖVRÜNÜ XATIRLADAN HADİSƏ ADLANDIRIB

Next Post

MEDİANIN MÜDAFİƏSİ VƏ ALTERNATİV MEDİA İLƏ BAĞLI PROQRAM SONA ÇATIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.