“EURONEWS” TELEKANALININ AZƏRBAYCANDA KABEL TELEVİZİYALARI VASİTƏSİLƏ YAYIMI DAYANDIRILA BİLƏR

Fransada və Avropanın digər ölkələrində təhsil alan azərbaycanlı gənclər ““Euronews” telekanalının Fransanın Lion şəhərində yerləşən mərkəzi ofisi qarşısında etiraz aksiyası keçirməyi planlayır. Aksiyanın keçirilməsinə dəstək verən “İrəli” gənclər hərəkatının sədri Ceyhun Osmanlı APA-ya bildirib ki, aksiyanın bu həftə keçiriləcəyi planlaşdırılır.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə APA-ya bildirib ki, “Euronews” kanalının Azərbaycan əleyhinə təbliğatı davamlı şəkil alarsa, Milli Televiziya və Radio Şurası mövcud qanunvericiliyə uyğun olaraq, onun Azərbaycanda kabel şəbəkəsində yayımının dayandırılmasını tələb edəcək. Onun sözlərinə görə, artıq “Euronews” kanalı məsələyə reaksiya verərək, Azərbaycanın mövqeyinin də əks olunduğu veriliş hazırlanacağını və balansı qoruyacağını bildirib: “Əgər onlar balansı qorumasalar, kanalın Azərbaycanın kabel yayımı şəbəkəsində yayılmasında problemlər ortaya çıxacaq. Biz adekvat tədbirlər görəcəyik.”
Xatırladaq ki, “Euronews” kanalında noyabrın 28-də yayımlanan “Dağlıq Qarabağda dəyişiklik küləkləri” adlı verilişdə Dağlıq Qarabağ Azərbaycandan ayrılmış hissə kimi, separatçı rejimin rəhbəri isə “Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi qələmə verilib. Buna görə də, Azərbaycanın Xarici İşlər Nazirliyi telekanala etiraz məktubu göndərib.
Qeyd edək ki, 1993-cü ildə yaranmış “Euronews” telekanalı 8 dildə dünyanın 130 ölkəsində yayımlanır. Ofisi Fransanın Lion şəhərində yerləşən televiziyanın Azərbaycanda nümayəndəliyi yoxdur. Kanalı Azərbaycanda peyk antenası və kabel televiziyaları vasitəsilə izləmək mümkündür.

Previous Post

“QANUN” NƏŞRİYYATINA VƏ JURNALİSTƏ QARŞI İDDİA NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Next Post

“MİLLƏTİM” QƏZETİNİN KOLLEKTİVİ TƏQİB OLUNMALARINDAN NARAHATDIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.