“MİLLƏTİM” QƏZETİNİN KOLLEKTİVİ TƏQİB OLUNMALARINDAN NARAHATDIRLAR

“Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev özünün və qəzetin digər əməkdaşlarının izlənməsi və təqib olunması ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna müraciət edib.

R.Tağıyev müraciətdə iddia edir ki,  o özü , “Millətim” qəzetinin baş redaktorun müavini Lalə Ağayeva, qəzetin təsisçisi İlkin Ağayev aramsız olaraq Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən təqib olunurlar. Müraciətdə onları mütəmadi izləyən şəxsləri üzdən tanıdıqları və sarı rəngli “üzərində “Taksi” nişanı olan “TOFAS” markalı, dövlət nömrə  nişanını 10 rəqəmi ilə başlayan və sonu 271-lə bitən və alüminium rəngli, dövlət nömrə nişanı 10-la başlayan və sonu 829-la bitən “TOFAŞ” markalı avtomobillərlə izləndikləri bildirilir. R.Tağıyev müraciətdə vurğulayır ki, noyabr ayının 5-də axşam saat 23:30 radələrində, Lalə və İlkin Ağayevlərin qarşıları kəsilərək, onlara silahla hədə-qorxu gəlinib və Lalə və İlkinin qəti şübhəsi yoxdur ki, həmin şəxslər xüsusi xidmət orqanlarının əməkdaşları olub. Baş məsləhətçi müraciətdə onu da iddia edir ki, noyabr ayının 19-da isə məhz onun peşə fəaliyyəti ilə əlaqədar bacısı oğlu Akif Səfərov MTN-nin sifarişi ilə həbs edilərək, həmin Nazirliyin təcridxanasında saxlanılır. Həmin cinayət işinə özünün də cəlb edilməsi ilə bağlı MTN tərəfindən ciddi-cəhdlə iş aparıldığı barədə narahatlığını ifadə etdiyi müraciətində R.Tağıyev onu da bildirir ki, 2 ay öncə  həbs olunmuş “Millətim” qəzetinin baş redaktoru Fərəməz Allahverdiyev MTN-nin Antiterror Mərkəzinin siyasi sifarişi ilə həbs olunub.
RATİ məsələnin araşdırılması üçün Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət edib.
Qeyd edək ki, “Millətim” qəzeti bu ilin birinci yarısından fəaliyyətə başlayıb və həftədə 1 dəfə nəşr olunur.
Xatırladaq ki, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında iddiasına əsasən, 8 oktyabr 2009-cu ildə əvvəllər “Nota” qəzetində çalışmış “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu 3 ay müddətinə həbs olunub, Ramiz Tağıyevə isə 6 ay icbari iş kəsilib. Eyni hökmlə “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli də 3 ay müddətinə azadlıqdan məhrum edilib.  

Previous Post

“EURONEWS” TELEKANALININ AZƏRBAYCANDA KABEL TELEVİZİYALARI VASİTƏSİLƏ YAYIMI DAYANDIRILA BİLƏR

Next Post

AZƏRBAYCANDA İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞ ŞƏXSLƏRİN SAYI ARTIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.