GƏNC BLOQÇULARIN AZAD OLUNMASI İLƏ BAĞLI ÇAĞIRIŞLAR DAVAM EDİR

“Freedom House” təşkilatı Emin Milli (Abdullayev) və Adnan Hacızadəyə qarşı irəli sürülmüş bütün ittihamları dayandırmağa çağıran bəyanatla çıxış edib. Təşkilatın icraçı direktoru Cennifer Vindsor deyib: “Hacızadə və Milliyə qarşı ittihamlar Azərbaycanda qanunun aliliyini narahatedici  suallar altında qoyur. Bu da onu göstərir ki, müstəqil jurnalistlər və özünü ifadə etməyə çalışanlar məhkəməyə düşürlər”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da Səbail rayon məhkəməsinə müraciət edib. O, gənclərin işi ilə bağlı aldığı çoxsaylı müraciətləri, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərə alaraq, məhkəmənin səlahiyyətləri çərçivəsində barələrində ittiham olunduqları maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza növlərinin seçilməsinin mümkünlüyünə baxılmasını məhkəmədən xahiş etmişdir.
Dünən (2 sentyabr) Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında gənc bloqçular Adnan Hacızadə və Emin Millinin (Abdullayev) həbsi ilə bağlı etiraz aksiyası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən  Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) koordinatoru Erkin Qədirlinin bildirdiyinə görə, “Azərbaycanın dostları” təşkilatının “Adnanla Eminə azadlıq!” şüarı altında aksiya keçirməkdə məqsədi gənc fəalların həbsinə etiraz nümayiş etdirmək olub.
Qeyd edək ki, gənclərə qarşı cinayət işi üzrə ilk məhkəmə iclası sabah (4 sentyabr) Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU GƏNC BLOQÇULARLA BAĞLI BƏYANAT YAYIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.