SEÇKİ MƏCƏLLƏSİNƏ EDİLƏN DƏYİŞİKLİKLƏRLƏ NAMİZƏDLƏRİN TƏBLİĞAT İMKANLARI MƏHDUDLAŞDIRILIB

iyun 3rd, 2008

Milli Məclisin iyunun 2-də  Seçki Məcəlləsinə etdiyi dəyişikliklərlə İctimai televiziya istisna olmaqla, dövlət teleradio kanallarında seçkiqabağı   təşviqatın aparılması qadağan edilir.

Amma Seçki Məcəlləsinin buna qədər qüvvədə olan variantında prezidentliyə namizədlərə dövlət televiziyası və radiosunda pulsuz 6 saat efir vaxtı verilirdi.
“Zerkalo” qəzetinin verdiyi məlumata görə, Məcəllənin 81.11-ci maddəsinə edilən dəyişikliklərə əsasən isə, özəl televiziya və radiolarda seçkiqabağı kampaniyanın ödənişli əsaslarla aparılması “Reklam haqqında” qanunun tələblərinə müvafiq həyata keçiriləcək. Telekanallar isə  sutka ərzində efir vaxtının yalnız 25 faizini reklama ayıra bilərlər.
Habelə Məcəlləyə edilən dəyişikliklərə əsasən, prezident, parlament və bələdiyyə seçkiləri zamanı seçki kampaniyasının müddəti 120 gündən 75 günədək azaldılır.   
Prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyası isə cəmi 28 gün davam edəcək. Bu isə, onsuz da ictimaiyyətlə ünsiyyət imkanı olmayan müxalifət namizədlərinin cəmiyyəti məlumatlandırmaq imkanlarının bir qədər də məhdudlaşdırılmasına səbəb ola bilər. 
 Habelə sənədə edilmiş dəyişikliklə namizədlərin ictimai obyektlər, yaşayış binaları və sair tikililərə də mülk sahiblərinin  icazəsi olmadan təbliğat materiallarını yapışdırmaq imkanı olmayacaq. Sözsüz ki, bu da gələcəkdə müxalifət namizədlərinin təbliğat və təşviqat materiallarının yayılmasının məhdudlaşdırılmasına gətirib çıxara bilər.
Qeyd edək ki,  Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin lehinə 100, əleyhinə 3 millət vəkili səs verib. Bir deputat isə bitərəf qalıb. Azərbaycanın Milli Məclisində isə cəmi 124 deputat var.