MÜSAHİBƏSİNDƏ SƏSLƏNDİRDİYİ FİKRƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLƏN İCTİMAİ BİRLİK SƏDRİNİN İŞİ İCRAATA GÖTÜRÜLDÜ

yanvar 21st, 2009
Bu gün (21 yanvar) Yasamal rayonu Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyevin "21-ci əsr Təhsil Mərkəzi" İctimai Birliyinin rəhbəri Etibar Əliyevə qarşı cinayət məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə qaldırdığı iddia üzrə məhkəmə prosesinə hazırlıq iclası keçirildi.

Qeyd edək ki, keçən hazırlıq iclası cavabdeh E. Əliyevin vəkillərinin hakimə etiraz etmələri barədə verdikləri vəsatətin müzakirə edilməsi üçün təxirə salınmışdı. Bu gün hakim A. Rzayev etiraza tutarlı səbəblərin olmadığını bildirərək vəsatətin  baxılmamış saxlanılması barədə çıxarılan qərardadı elan etdi.
Bundan sonra cavabdeh tərəfin vəkili Elçin Sadıqov məhkəmədən  iddiaçının da məhkəmə iclasında iştirak etməsini tələb etdi və bildirdi ki, tərəflərin məhkəmə prosesində çəkişmə hüquqları var. Bu vəsatətə münasibət bildirən iddiaçının nümayəndəsi Cavad Cavadov hüquqlarını müdafiə etdiyi M. Əliyevin birinci hazırlıq iclasında iştirak etdiyini və işlərinin çox olması ilə əlaqədar növbəti proseslərdə iştirak edə bilməyəcəyini söylədi. Hakim məhkəmə prosesinin iddiaçının  nümayəndəsinin  iştirakı ilə də davam edə biləcəyini bildirdi və qaldırılmış bu vəsatəti də rədd etdi.
Sonra cavabdeh E. Əliyev bildirdi ki, onun  “Azadlıq” qəzetinin 24 sentyabr 2008-ci il tarixində dərc edilmiş müsahibəsi olduğu kimi işıqlandırılmayıb və bəzi fikirlər təhrif olunub. O, “Azadlıq” qəzeti redaksiyasına bu məsələ ilə bağlı göndərdiyi və qəzetin baş direktorunun imzası ilə qəbul etdiyi məktubu da məhkəməyə təqdim etdi. Məktubda qəzetin növbəti saylarının birində yazıya düzəlişin dərc ediləcəyi  bildirilib.  Cavabdehin vəkili E. Sadıqov isə məhkəməyə xatırlatdı ki, internetdə M. Əliyev haqqında kifayət qədər məlumat var ki, bu məlumatlar E. Əliyevin fikirlərindən fərqlənmir və qanunvericiliyə görə əvvəllər yazılmış fikirləri təkrar yazdıqda və ya səsləndirdikdə nə müəllif nə də KİV məsuliyyət daşımır. Habelə vəkil iddiaçı M. Əliyevin həqiqətən də rüşvət üstündə həbsdə olduğunu  və bunun bir fakt olduğunu da bildirdi.
Tərəflərin çıxışları bitdikdən sonra hakim A. Rzayev işin icraata qəbul olunduğunu elan etdi və məhkəmə prosesini  yanvar ayının 29-u saat 16:00-a təyin etdi.
Qeyd edək ki, iddiaya səbəb E. Əliyevin 24 sentyabr 2008-ci il tarixində “Azadlıq” qəzetində dərc olunmuş müsahibəsi səbəb olub. Müsahibədə Gəncə Şəhər Təhsil Şöbəsində korrupsiya və rüşvətxorluq hallarından söz açılıb.