MAHAL İSMAYILOĞLUNUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Dünən (18 noyabr) Ali Məhkəmədə hakim Nəriman Hüseynovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun (Sadıqov) kassasiya şikayəti təmin edilməyib.

Belə ki, Abşeron rayon məhkəməsinin verdiyi hökmdən apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə  şikayətçi tərəfin qaldırdığı vəsatət qismən təmin edildiyinə görə, tərəf kassasiya şikayəti vermişdi.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqovun sözlərinə görə, hakim N.Hüseynov şikayətin təmin edilmədən saxlanılması barədə qərar çıxarıb.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında 2008-ci il iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılmışdı. 1 iyul 2009-cu il tarixində Abşeron rayon Məhkəməsi M.İsmayıloğlunu CM-in 127-ci (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə təqsirli bilərək, ona 2 il şərti azadlıqdan məhrumetmə cəzası verib. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir. Abşeron rayon məhkəməsinin çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə proseslər isə vasatətlə bağlı qərardaddan verilmiş kassasiya şikayətinin yekununadək təxirə salınmışdı.

Previous Post

İŞGƏNCƏLƏR ƏLEYHİNƏ ÜMUMDÜNYA TƏŞKİLATI GƏNC BLOQÇULARIN HƏBSİNƏ GÖRƏ NARAHATDIR

Next Post

AŞPA AZƏRBAYCANA YENİ HƏMMƏRUZƏÇİ TƏYİN EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.