JURNALİST ARAŞDIRMALARI MƏRKƏZİ DÖVLƏT QEYDİYYATINA ALINDI

dekabr 13th, 2008
Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bu barədə RATİ-yə JAM-ın həmsədri Seymur Verdizadə məlumat verib: “Təşkilatın qeydiyyata alınması üçün sənədləri 2008-ci il sentyabr ayının 23-də Ədliyyə Nazirliyinə təqdim etmişdik. Oktyabrın 30-da isə  Jurnalist Araşdırmaları Mərkəzi dövlət qeydiyyatına alınıb və şəhadətnamə dekabrın 11-də bizə təqdim olunub”.
Xatırladaq ki, JAM 2004-cü ildə hazırda Türkiyədə yaşayan jurnalist  Şeyda Nəsibli tərəfindən yaradılıb. Həmin dövrdə təşkilatın qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunub. Amma təşkilatın dövlət qeydiyyatına alınmasından imtina edilib. Bu səbəbdən məhkəməyə müraciət edən Ş.Nəsiblinin iddiası yerli məhkəmə instansiyalarında təmin edilməyib.  Daha sonra məsələ ilə bağlı Avropa İnsan Hüquqları  Məhkəməsinə müraciət olunub. Avropa Məhkəməsi 2007-ci ilin sonunda Ş.Nəsiblinin iddiasının təmin edilməsi barədə  qərar verib. Bu qərarla Azərbaycan hökumətindən JAM-ı dövlət qeydiyyatına alması və ərizəçiyə  3000 avro məbləğində təzminat ödəməsi tələb olunub.
S.Verdizadənin sözlərini görə, təşkilatın dövlət qeydiyyatına alınmasının birbaşa bu qərarla bağlılığı yoxdur. 2008-ci ili sentyabr ayının əvvəlində JAM-da struktur dəyişiklikləri aparılıb, qurumda həmtəsisçi və həmsədr institutu yaradılıb. Habelə təşkilatın nizamnaməsi də yenidən hazırlanıb. Hazırda təşkilatın həmtəsisçiləri olan Ş.Nəsibli və S.Verdizadə həm də qurumun həmsədrləridir.