JURNALİSTİN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİ MÜƏYYƏNLƏŞİB

aprel 10th, 2008

Dünən Söz Azadlığının Müdafiə Komitəsinin iclası keçirilib.

İclasda “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlillə bağlı məsələlər müzakirə olunub. Və millət vəkili Cəmil Həsənliyə Aqil Xəlilin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri olmaq təklif olunub. Təklif Həsənli tərəfindən razılıqla qarşılanıb. İclasda eyni zamanda Aqil Xəlilin pozulmuş hüquqları ilə bağlı ictimaiyyətin diqqətinə arayış da təqdim edilib. Arayışda jurnalistə qarşı Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsinin (dövlət insanlara verilən işgəncənin araşdırılması öhdəliyi daşıyır), 10-cu maddəsinin (dövlət ölkədə söz azadlığını təmin etmək üçün jurnalistlərə qarşı edilən basqıları operativ araşdırmalıdır), Azərbaycan Cinayət Prosessual Məcəlləsinin cinayət hesab edilən əməlin ifşa edilməsi, Konstitusiyanın 46-cı maddəsinin 2-ci bəndi (şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur) və 3-cü bəndinin  (heç kəsə işgəncə və əzab verilə bilməz) pozulduğu bildirilir.
Söz azadlığı Fonduna jurnalistin müdafiəsinin təşkil edilməsi üçün vəsaitin ayrılması, Nəcəf  Nəcəfov fonduna mütəmadi olaraq xeyriyyə marafonunun keçirilməsi üçün müraciət edilib. Məlumat KİV-ə Komitə tərəfindən daxil olub.