RATİ-NİN NAXÇIVANDAKI MÜXBİRİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI

Avqustun 3-də saat 10.00-da RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyev növbəti dəfə Şərur rayon Prokurorluğuna çağırılıb. Ondan Muxtar Respublikanı tərk etməməyi haqda iltizam alıblar və  təqsirləndirilən şəxs kimi izahat verməsini tələb ediblər.

Jurnalist izahat verməkdən imtina edib. Həmçinin prokuror ona vəkil çağırıb, o isə onların çağırdığı vəkildən də imtina edib. Bu barədə məlumatı RATİ-yə jurnalistin özü deyib.

“Dünən  axşam mənə çağırış vərəqəsi verdilər. Bu gün prokurorluğa getdim. Əvvəlkindən fərqli olaraq, müstəntiq məni təqsirləndirilən şəxs qismində sorğu sual etdi və izahatımı istədilər. Həmçinin prokurorun Naxçıvanı tərk etməmək haqda şifahi tapşırığını rəsmiləşdirərək məndən iltizam alındı”, – deyə  H.Mehdiyev qeyd edib.

            Jurnalist deyib ki, prokurorluqdan gəldikdən sonra sahə müvəkkili evlərinə gələrək, ona yenidən prokurorluğa çağırıldığını bildirib. O, yenidən prokurorluğa gedib. Prokuror Kamil Şıxəliyev  ondan nə səbəbə izahat vermədiyini və vəkildən imtina etdiyini soruşub. H.Mehdiyev prokurora hüquqlarından istifadə etdiyini və məhkəməyə öz vəkili ilə çıxacağını bildirib.

            Xatırladaq ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtoyuma sexinə gələn elektrik xəttini  kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Evinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Jurnalistin şəxsi mülkiyyətinə aid olan  yardımçı tikililərini, qarajını sökülməyə, yuyucu aparatın isə müsadirə etməyə cəhd ediblər. Məsələni araşdırmaq üçün jurnalistlər Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər. Polislər onlara çəkiliş aparmamaları üçün fiziki güc tətbiq ediblər. Jurnalistlər faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğuna şikayət veriblər. Həmçinin hadisədən sonra H. Mehdiyevə qarşı heç bir sübut dəlil olmadan Şərur rayon Prokurorluğunda 189-1 maddəsi ilə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) cinayət işi açılıb.

Previous Post

EVLƏRİN SÖKÜLMƏSİNİ ÇƏKƏN VƏTƏNDAŞIN APARDIĞI VİDEO ÇƏKİLİŞ POLİS TƏRƏFİNDƏN MÜSADİRƏ EDİLİB

Next Post

HÖKUMƏT JURNALİSTLƏRƏ TƏZYİQƏ GÖZ YUMUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.