VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ FORUM KEÇİRDİ

 Bu gün (18 iyun) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi (VCMK)“Park İnn” mehmanxanasının “Dan Ulduzu” konfrans zalında “Qeyri-hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununa təklif edilən əlavə dəyişikliklərlə bağlı yaranmış vəziyyətin müzakirəsinə həsr olunmuş Forum keçirdi.

Forumda VCMK İşçi Qrupunun üzvləri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, “Respublikaçı Alternativ” (REAL) Vətəndaş Birliyinin həmtəsisçisi Erkin Qədirli, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov çıxış edərək, təklif olunan layihə ilə bağlı fikirlərini bildirdilər. Onlar vurğuladılar ki, həm QHT haqqında, həm də KİV haqqında Qanuna təklif olunan mürtəce xarakterli əlavə və dəyişikliklər vətəndaş cəmiyyətinin və söz azadlığının məhvinə yönəldiyi üçün layihələr bütövlükdə ləğv olunmalıdır. Həmçinin çıxışlarda o da vurğulandı ki, bu dəyişikliklər hökumətdən asılı olmayan QHT-lərin və KİV-lərin fəaliyyətinin məhdudlaşdırılması və hətta bağlanması ilə nəticələnəcək.
  Daha sonra millət vəkilləri – Pənah Hüseyn, Qüdrət Həsənquliyev, Müsavat partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digər forum iştirakçıları çıxış edərək,  “Qeyri-hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı narahatlıqlarını ifadə etdilər.
 İşçi Qrupunun üzvləri bildirdilər ki, VCMK-ya artıq 118 QHT rəsmi imza ilə, 50-yə yaxın QHT isə elektron imza ilə üzvlük üçün müraciət edib.
Forum iştirakçılarına elan olundu ki, təklif olunan əlavə və dəyişiklərə etiraz olaraq  sabah – 19 iyun saat 12.00-da Milli Məclisin qarşısında aksiya keçirilməsi nəzərdə tutulub. VCMK yetkililəri vurğuladılar ki, aksiyaya icazə verilməsə də,  yalnız bir halda – qanun layihəsinin müzakirəsi Milli Məclisin gündəliyindən çıxarıldığı təqdirdə, aksiya ləğv oluna bilər.

   VCMK İşçi Qrupunun üzvləri onu da vurğuladılar ki, siyasi partiyalara, Milli Məclisin bütün üzvlərinə, Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdirinə,  Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə Xarici İşlər Nazirliyinə də Forumda iştirak üçün dəvətnamə göndərilib.

 Forumun sonunda VCMK-nın Azərbaycan ictimaiyyətinə, Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası Prezidentinə, Avropa Şurası və beynəlxalq təşkilatlara müraciət ünvanlanan müraciət qəbul olundu.

Previous Post

PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

MƏTBUAT ŞURASINA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.