VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ MƏTBUAT KONFRANSI KEÇİRDİ

iyun 12th, 2009
Bu gün (12 iyun)  Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirdi. Tədbiri açıq elan edən Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin İşçi Qrupunun üzvü Qubad İbadoğlu bildirdi ki, konfransın məqsədi iyunun 19-da parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılacaq "Qeyri-Hökumət təşkilatları (Fondları) haqqında" Qanuna dəyişikliklər və əlavələrlə bağlı vətəndaş cəmiyyətinin mövqeyini çatdırmaq və media vasitəsilə məsələni ictimailəşdirməkdir.

“Bu Qanuna sözügedən dəyişiklər qəbul olunması vətəndaş cəmiyyətinin məhvinə səbəb olacaq. Çünki QHT-lərin normal fəaliyyət göstərməsi mümkün olmayacaq” – deyə Q.İbadoğlu bildirdi.
Daha sonra işçi qrupunun digər üzvü Hafiz Həsənov Qeyri-Hökumət təşkilatları (Fondları) haqqında" Qanuna nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə bağlı məlumat verdi: “ Qanuna nəzərdə tutulmuş əlavə və dəyişikliklər mürtəce xarakterlidir. Layihənin qəbul olunması vətəndaş cəmiyyətinin məhvinə səbəb olacaq. Milli Məclis qanuna dəyişiklikləri qəbul etdiyi təqdirdə, “Qeyri Hökumət Təşkilatı” anlayışı qalmayacaq və  hər bir təşkilat istər-istəməz hökumətin asılılığına düşəcək” – deyən H.Həsənov hökumətdən asılı olmayan QHT-lərin fəaliyyətlərinin məhdudlaşdırılacağını, hətta istənilən QHT-nin bağlanmasının mümkünlüyünü də diqqətə çatdırdı. “Qanuna nəzərdə tutulmuş dəyişiklik və əlavələr həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də beynəlxalq qanunlarla ziddiyyət təşkil edir. Əslində qanunun geriyə qüvvəsi olmamalıdır. Ən pisi isə odur ki, nəzərdə tutulmuş layihədə göstərilir ki, Qanuna ediləcək dəyişiklik və əlavələr uzun müddətdən bəri fəaliyyət göstərən QHT-lərə də tətbiq olunacaq” – deyən H.Həsənov vurğuladı ki, bu, hüququn təhqir olunmasıdır.
İşçi Qrupunun üzvü İlqar Məmmədov bildirdi ki, məsələ ilə bağlı hökumətə və beynəlxalq təşkilatlara müraciətlər ediləcək. “Heç bir halda əlavə və dəyişikliklə bağlı ayrılıqda müzakirə aparmaq fikrimiz yoxdur. Çünki ümumilikdə bütün əlavə və dəyişikliklərin ləğv olunmasını tələb edirik” – deyən İ.Məmmədov iyunun 19-da müzakirələr getdiyi zaman Milli Məclisin qarşısında etiraz aksiyası keçiriləcəyini və Qanun layihəsi qəbul olunduğu Azərbaycanın Avropa Şurasında mandatının alınması üçün bu quruma müraciət ediləcəyini də diqqətə çatdırdı.
İşçi Qrupunu üzvü Emin Hüseynov və digərləri həm “Qeyri-Hökumət təşkilatları (Fondlar) haqqında" Qanuna, həm də “Kütləvi İnformasiya Vasitələri haqqında”  qanuna nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə bağlı fikirlərini diqqətə çatdırdılar və narahatlıqlarını ifadə etdilər.
  Qeyd edək ki, Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsini dünən 50 QHT rəhbəri təsis edib. İyunun 19-da parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılacaq "Qeyri-Hökumət təşkilatları (Fondları) haqqında" Qanuna dəyişikliklər və əlavələrlə bağlı məsələni ictimailəşdirmək məqsədilə təsis edilən bu komitəyə daxil olan QHT-lərin sayı 100-ə yaxınlaşıb.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,264/lang,az/