VƏTƏNDAŞ CƏMİYYƏTİ QANUNVERİCİLİYƏ MÜRTƏCE DÜZƏLİŞLƏRƏ ETİRAZ EDİR

 

QHT-lərin fəaliyyəti haqqında qanunvericiliyə təklif edilən düzəlişlər vətəndaş cəmiyyətinin məhv edilməsinə, insan hüquq və azadlıqlarının tamamilə pozulmasına yönəlib. Vətəndaş cəmiyyəti fəallarının bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirilən görüşündə səslənən əsas fikir bundan ibarət olub. Toplantı parlament komitəsinin QHT-lərin, dini və digər qurumların qrantlardan və ianələrdən istifadəsinə nəzarəti sərtləşdirən düzəlişlər layihəsini təqdir etməsi ilə əlaqədar keçirilib. “Şəffaflıqdan danışsaq, o, hamıya aid olmalıdır. Ədliyyə Nazirliyi QHT-lərin sorğusuna cavab vermirsə, ondan 90-180 manat cərimə alınır. QHT Ədliyyə Nazirliyinin sorğusuna cavab vermədiyi halda 18 min manat cərimə olunur. Hətta kommersiya təşkilatlarından belə bu qədər cərimə alınmır”, deyə hüquqşünas Ələsgər Məmmədli bildirib. Vəkil Əsabəli Mustafayev deyib ki, düzəlişlər QHT-lərin məhvinə yönəlib. “Qrantların qeydiyyatdan keçirilməməsinə görə cərimələr o deməkdir ki, birinci mərhələdə dövlət qeydiyyatı olmayan QHT-lər aradan qaldırılacaq. Növbəti mərhələdə hakimiyyət QHT-lərin təkrar qeydiyyatını həyata keçirəcək və xoşagəlməz QHT-ləri qeydiyyata almayacaq. QHT-lərin qeydiyyatı ilə bağlı xəbərdarlıq sisteminin tətbiq edilməsi haqqında paralel qanun layihəsi hazırlamaq, həmçinin qrantların on-line qeydiyyatına nail olmaq lazımdır, belə ki, çox vaxt QHT-lər xarici donorlarla elektron müqavilələr bağlayır, yerli notariuslar isə onları təsdiq etmir”, deyə Mustafayev bildirib. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu hesab edir ki, hakimiyyətin hərəkətlərində məntiq axtarmağa dəyməz. “Bu, hazırki vəziyyətə, daha dəqiq desək, regionlardakı kortəbii xalq iğtişaşlarına reaksiyadır. Sirr deyil ki, vətəndaş cəmiyyəti institutlarında əsas intellektual potensial və repressiv siyasətə qarşı müqavimət gücü cəmləşib. Buna görə hakimiyyət vətəndaş cəmiyyəti fəallarını regionlardan ayırmaq istəyir”, deyə o qeyd edib. Demokratik İslahatlar Uğrunda Cəmiyyətinin sədri Oqtay Gülalıyevin fikrincə hakimiyyət ölkədə insan hüquqlarına qarşı total hücum həyata keçirir. “Onlar bizim regionlara gedib insanlarla görüşməyimizi istəmirlər. Mənə xəbərdarlıq ediblər ki, “iğtişaşlara çağırış” ittihamı ilə həbs edəcəklər”, deyən Gülalıyev beynəlxalq təşkilatları vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə göz yummamağa çağırıb. “Onların repressiv rejimin, yoxsa vətəndaş cəmiyyətinin yanında olduğunu müəyyən etməyin vaxtı çatıb. AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəsi qəbul edilmədikdən sonra yeni repressiyalar dalğası başladı və yeni siyasi məhbuslar yarandı”, Gülalıyev bildirib. RATİ direktoru Emin Hüseynov Azərbaycanın Belarus və Rusiyanın yoluyla gedəcəyi barədə fikir bildirib. “Bizim hakimiyyətimiz icazəsiz mitinqlərdə iştiraka görə cəzaları sərtləşdirən, xaricdən yardım alanları əcnəbi casuslar elan edən rusiyalı həmkarlarının repressiya tədbirlərini təqlid edir. Bütün bunlar prezident seçkisi öncəsi müstəqil QHT-ləri susdurmaq məqsədi daşıyır. Əslində demokratik ölkələrdə vətəndaş cəmiyyəti ictimai nəzarət funksiyasını həyata keçirdiyi halda Azərbaycanda qanuna ediləcək dəyişiklik vətəndaş cəmiyyətinin fəaliyyətinə nəzarəti sərtləşdirməyə xidmət edir”-deyə Emin Hüseynov qeyd edib. Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov düzəlişlərin deputatlardan deyil, hökumətdən gələn təşəbbüs olduğunu qeyd edib. Beynəlxalq təşkilatların baş verənlərə münasibətinin adekvat olmadığını, dişsiz bəyanatlar diplomatiyasının sona çatmalı olduğunu deyib. Tədbirin sonunda sözügedən mürtəce düzəlişləri müzakirədən çıxarmaq tələbi ilə parlamentə müraciət etmək qərara alınıb. Bu çağırış eşidilməsə, prezidentə mürtəce qanuna veto qoymaq çağırışı ediləcək. Eyni zamanda beynəlxalq təşkilatlara ölkə hakimiyyətinin vətəndaş cəmiyyətinin boğulmasına yönəlmiş düzəlişləri qəbul etməsinin qarşısını almaq məqsədilə ona təsir göstərmək çağırışı ilə müraciət ediləcək. Hakimiyyət tələblərini nəzərə almayacağı təqdirdə, vətəndaş cəmiyyəti fəalları kütləvi etiraz aksiyalarına başlamaq hüququna malik olduqlarını bəyan edirlər.

 

Previous Post

“Xəyal” TV əməkdaşlarının cinayət işi üzrə proses şahid ifadələri ilə davam edib

Next Post

Azərbaycanın ilk milli peyki orbitə çıxdı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.