“Xəyal” TV əməkdaşlarının cinayət işi üzrə proses şahid ifadələri ilə davam edib

quba 2

Fevralın 7-8-də Xaçmaz rayon məhkəməsində hakim Anar İbrahimovun sədrliyi 2012-ci il martın 1-də Qubada baş vermiş iğtişaşlara görə həbs edilmiş “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, telekanalın baş redaktoru Zaur Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Vəkil Rəşid Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna açıqlamasında bildirib ki, fevralın 7-də keçirilən prosesdə “Xəzər” TV və “Kanal-13” internet TV-nin yerli müxbirləri şahid qismində ifadə veriblər. Hacılı qeyd edib ki, şahid ifadələrindən məlum olub ki, İcra Hakimiyyətindəki məlum çıxışdan sonra Rauf Həbibovun köməkçisi Tariyel İbrahimovun jurnalistlərə yaxınlaşaraq çıxışın yayılmamasını  xahiş edib. Jurnalistlər bundan imtina etdikdə, köməkçi həmin kadrları necə verməklə bağlı göstəriş verib.

“Kanal-13” internet televiziyasının müxbiri Binəli Tosoyev İcra Hakimiyyətindəki tədbirdə “Xəyal” TV-nin 3 operatorunun çəkiliş apardığını bildirib və həmin videoçarxın hazırlanmasında da onlardan şübhələndiyini qeyd edib.

“Xəzər” TV-nin bölgə müxbiri Emin Kərimov isə həmin tədbirə gecikdiklərindən icra başçısının çıxışını eşitmədiklərini bildirib.

Fevralın 8-də keçirilən prosesdə də iş üzrə adı keçən digər şahidlər ifadə verib.

Proses 20 fevral saat 15:00-da davam edəcək.

Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2012-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları R. Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. İcra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində regional “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini həbs edilib. Jurnalistlərə qarşı 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Previous Post

Vergilər Nazirliyi “Gündəm Xəbər”dən 133500 manat istəyir

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİ QANUNVERİCİLİYƏ MÜRTƏCE DÜZƏLİŞLƏRƏ ETİRAZ EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.