Hilal Məmmədovun Müdafiə Komitəsi məhkəmənin qarşısında aksiya keçirib

hilal memmedov

Fevralın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun cinayəti işi üzrə qapalı məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxsin vəkili Yalçın İmanov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, prosesdə keçmiş deputat Hüseynağa Qəniyev və Milli Təhlüksizlik Nazirliyinin Lənkəran şəhər şöbəsinin keçmiş rəisi Hüseynağa Əliyev şahid qismində ifadə verib. H. Məmmədov isə bu dəfə də prosesin qapalı keçirilməsinə etiraz olaraq ifadə verməkdən imtina edib. O, üzünə maska keçirib və qulaqlarını bağlayaraq arxasını məhkəməyə çevirib. Qeyd edək ki, artıq bir neçə prosesdir ki, Hilal Məmmədov qapalı məhkəmə prosesinə etiraz olaraq, vəkillərinin prosesdə iştirakını məhdudlaşdırıb. Dövlət İttihamçısı Tural Yusifov vəkillərin növbəti dəfə məhkəmədə iştirak etməyəcəkləri təqdirdə, onlarla bağlı Vəkillər Kollegiyasına yenidən şikayət edilməsi ilə bağlı vəsatət verib. Vəkillərin etirazından sonra hakim vəsatəti təmin etməyib.

Məhkəmə prosesindən əvvəl isə baş redaktorla bağlı məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz olaraq Hilal Məmmədovun Müdafiə Komitəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında dinc aksiya keçiriblər. Aksiya iştitrakçıları Hilal Məmmədovun proseslərdə ağzını bağlaması və üzünü divara çevirməsinə dəstək olaraq, ağızlarını bağlayıblar. 20 dəqiqəyədək davam edən aksiyanın yekununda Hilal Məmmədovun hüquqlarını müdafiə Komitəsinin sədri Rafiq Cəlilov bildirib ki, növbəti addım aclıq aksiyası olacaq.

Növbəti proses 23 fevral saat 10:30-da keçiriləcək.

Xatırladaq ki, məhkəmə Hilal Məmmədova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinə aid olan hissəsi qapalı, 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsinə aid olan hissəsinin isə açıq keçirilməsi barədə qərar qəbul edib.

Previous Post

Həbsdə olan jurnalist həyatına təhlükə olduğunu bildirib

Next Post

İnternet azadlığını müdafiə qrupları hökuməti internetə müdaxilə etməməyə çağırır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.