İnternet azadlığını müdafiə qrupları hökuməti internetə müdaxilə etməməyə çağırır

fevral 20th, 2013

528084_556285787724596_1484205910_n

Azərbaycanda mediaya basqılar davam etdiyi bir vaxtda, internet azadlığını müdafiə qrupları hökumətin internetə özünü-senzura tətbiq etməsi planlarını müzakirə edib. Fevralın 19-da “Hilton” oteldə virtual şəbəkədə ifadə azadlığı və elektron hökumətin inkişafı məsələlərinin müzakirəsinə həsr olunmuş “İnternet sahəsində yeniliklər və perspektivlər” konfransı keçirilib.

İnternet və informasiya azadlığı sahəsində aparıcı ekspertlərin və fəalların iştirakı ilə keçirilən tədbir Onlayn İfadə Təşəbbüsünün (expressiononline.net) üzvü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən Kanadanın Yerli Təşəbbüslər Fondunun dəstəyi ilə təşkil edilib.

“İnternetdən istifadənin və internet infrastrukturunun hazırkı vəziyyəti” adlı debat formatlı ilk panelə Beynəlxalq Mediaya Dəstək təşkilatının proqram rəhbəri Gülnarə Axundova moderatorluq edib.

RATİ sədri Emin Hüseynov Azərbaycan İnternet seqmentində vəziyyəti ümumilikdə ziddiyyətli səciyyələndirib, amma müsbət cəhətlərdən daha çox mənfi cəhətlərin olduğunu qeyd edib. Texniki cəhətdən neqativ faktlar kimi o, infrastruktur sahəsində geriliyi, siyasi cəhətdən isə istifadəçilərin özünüsenzurasının yüksək səviyyədə olmasını və dövlət tərəfindən tənzimləmə və lisenziyalaşdırma cəhdlərinin olmasını qeyd edib.

İnformasiya açıqlığı sahəsində müsbət məqam kimi milli rabitə peykinin buraxılması və ASAN elektron xidmətlər mərkəzinin yaradılması qeyd edilib.

Hüseynov Azərbaycanda internetin vəziyyətini  “qismən azad” adlandırıb və vurğulayıb ki, internet texniki cəhətdən azad olsa da, siyasi cəhətdən problemlər qısa zamanda  aradan qaldırılmalıdır.

“Özünütənzimləmə” nəzarət demək deyil  

Mətbuat Şurasının İnternetin tənzimlənməsi üzrə yeni komissiyasının üzvlərindən biri olan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət bu təşəbbüsdən İnternetdə söz azadlığına qarşı istifadə ehtimalı ilə bağlı qızğın müzakirələri yatırmağa çalışıb.

O, bu addımı xoşməramlı, internetdə özünütənzimləmə niyyəti ilə izah etməyə çalışıb və yaradılan komissiya istifadəçilərin, informasiya kontentləri subyektlərinin söz azadlığını məhdudlaşdırmağa çalışarsa, bu qurumu tərk edəcəyinə söz verib.

Sosial media eksperti Əli Novruzov yenə də Mətbuat Şurasının səmimiliyini şübhə altına alıb. “Bu təşkilat internetlə məşğul olmaq səlahiyyətlərinə malik deyil. İnkişaf etmiş ölkələrdə İnternetin özünütənzimləməsi provayderlər, blogerlər, sosial cəmiyyətlər və dövlət kimi institutlar vasitəsilə həyata keçirilir”, deyə o bildirib.

Novruzov həmçinin MŞ-nin komissiya haqqında qərarı internet ictimaiyyəti ilə müzakirə etmədən qəbul etdiyinə diqqət çəkib. İnformasiya azadlığı sahəsində ekspertlər Ələsgər Məmmədli və Rəşid Hacılı bu ideyanı dəstəkləyib. Məmmədli də MŞ-nin səmimiliyini şübhə altına qoyaraq, onun təşəbbüsünü özfəaliyyət adlandırıb. O, hökumət tərəfindən nəzarət olunan televiziya efirində də özünütənzimləmə olmadığını, amma MŞ-nin illərdir bunu görmədiyini qeyd edib. Hacılı öz növbəsində qeyd edib ki, bu qeyri-hökumət təşkilatının təşəbbüslərindən yaxşı bir şey gözləməyə dəyməz.

“Dünyada və ölkəmizdə internetin tənzimlənməsi haqqında birmənalı fikir yoxdur və bu  cür məsələlərin həllini necə illərdir ki, bir birinin ardınca keçən  BMT-nin İnternet İdarəciliyi Forumlarında  da tapa bilmirlər ”, deyə mövqeyini bildirən Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov öz növbəsində Azərbaycan İnternetini “azad məkan” kimi qiymətləndirib.

Elektron hökumətə paralel olaraq maarifləndirmə işləri də aparılmalıdır

İREX Azərbaycan Yeni Media Layihəsinin  rəhbəri Anjela Nikoaranın moderatorluq etdiyi ikinci paneldə isə elektron hökumət sahəsindəki durum və problemlər müzakirə olunub. Anjela Nikoara bildirib ki, elektron hökumətə keçid üçün ilk növbədə əhalinin internetə çıxış infrastrukturu yaradılmalı və insanlar elektron hökumətdən xəbərdar olmalıdır.

Sosial media üzrə ekspert Bəxtiyar Hacıyev qeyd edib ki, son 2 ildə elektron hökumətə keçid istiqamətində müəyyən işlər görülsə də, durum qənaətbəxş deyil. Siyahıda bir çox elektron xidmətlərin olduğu deyilsə də, bunların əksəriyyəti ya işləmir, ya da lazımsız xidmətlərdir.

Konfrans göstərib ki, bu məsələdə bloq sahəsində tənzimləmə haqqında təsəvvür neqativdən daha betərdir.

Hökumətin informasiya azadlığını və onun tərkib hissəsi olaraq internet azadlığını inkişaf etdirmək istəməməsini 2005-ci ildə qəbul edilmiş İnformasiya Azadlığı Haqqında qanunun həyata keçirilməsi təcrübəsi də göstərir. Ələsgər Məmmədli bildirib ki, dövlət resurslarının informasiya açıqlığı 7% səviyyəsindədir, regionlarda internetə çıxış kritik həddədir. Məsələn, Ağcabədi rayon mərkəzində 7 min nəfərlik əhalinin cəmi 32 nəfərinin ADSL internetə çıxışı var. O, həmçinin bildirib ki, reklam edilən ASAN dövlət elektron xidmətlər mərkəzinə cəmi 9 subyekt və 23 köməkçi, iki əsas xidmət – şəxsiyyət vəsiqəsi və pasport alınması istisna olmaqla, xidmət növü daxildir.

AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Anar Hüseynov ASAN haqqında tələsik rəy verməməyə çağıraraq, bu təşkilatın qurulmasının təkmilləşdirilməsi, xüsusən bu ilin sonuna qədər Sumqayıt, Gəncə, Şirvan şəhərlərində onun şəbəkələrinin açılması prosesinin davam etdiyini bildirib.

Uduzacağınız müharibəyə başlamayın

Sonda Emin Hüseynov elektron imzaların verilməsi qaydalarının sadələşdirilməsi, bu imzaların tətbiqi sahələrinin artırılması, seçki və qanunvericilik təşəbbüsü üçün lazımi imzaların toplanması zamanı elektron imzadan istifadə, ictimai əhəmiyyətli məsələlərlə bağlı vətəndaşların rəyinin öyrənilməsi üçün Ağ Evin rəsmi saytında olan “Biz xalqıq” (We the People) xidməti kimi internet petisiyalarının təşkilinə şərait yaradılması kimi təkliflər səsləndirib.

Hüseynov qeyd edib ki, vətəndaş cəmiyyəti hökumətin azad informasiya cəmiyyəti formalaşdırmaq sahəsində təşəbbüslərini dəstəkləməyə hazırdır. Amma eyni zamanda, o, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin virtual hörümçək toru üzərində nəzarət planları olan hökumətlərə yönəlmiş sözlərini xatırladıb: “Uduzacağınız müharibəyə başlamayın”.