Jurnalistin işi üzrə çıxışlar olacaq

oktyabr 18th, 2013

 Nicat (5)

 Oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru  Nicat Əliyevin məhkəmə prosesi keçirilib.

  Bugünkü məhkəmədə jurnalistin işi üzrə məhkəmə istintaqı başa çatıb.  Hakim qeyd edib ki, növbəti məhkəmə prosesində müdafiə tərəfinin və dövlət ittihamçısının çıxışları olacaq.

Məhkəmədən sonra jurnalistin vəkili Yalçın İmanov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, məhkəmə istintaqı çox bərbad keçib və yalnız ittiham tərəfinin sübutları araşdırılıb.

“Əslində məhkəmənin bu səviyyədə keçirilməsi gözlənilən idi, çünki bu işdə siyasi iradəyə uyğun qərarlar qəbul edilir. Müdafiə tərəfinin şahidlərinin dindirilməsinə dair ötən proseslərdə vəsatətlər verilmişdir, ancaq heç bir vəsatət təmin edilməyib.  Bunlar onu göstərir ki, məhkəmə istintaqı tərəfli, qərəzli və qeyri-obyektiv aparılıb. Onu da qeyd edim ki, bu Nicat Əliyevə elan olunan ittihamda cinayət əməlinin onun tərəfindən törədildiyini  təsdiq edən heç bir sübut yoxdur ”, deyə Yalçın İmanov qeyd edib.

 Məhkəmə növbəti məhkəmə prosesini 24 oktyabr saat 10:30-a təyin edib.

 Xatırladaq ki, 2012-ci may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevəqarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.