Həmkarları Əvəz Zeynallının dərhal azad olunmasını tələb edirlər

İyulun 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Jurnalistlərin Preventiv Reaksiya Qrupu Əvəz Zeynallının məhkəmə proseslərinin yekunlarına dair hesabatın təqdimatını keçirib. Jurnalistlərin Preventiv Reaksiya Qrupu  hesab edir ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində cinayət işi siyasi motivlərlə saxtalaşdırılıb, istintaq qərəzli aparılıb, məhkəmə isə faktiki olaraq işi araşdırmayıb və hökm ittiham aktının surəti olub.

Qrup üzvü Əfqan Muxtarlı Ali Məhkəmədə Zeynallının kassasiya şikayətinə baxılması ərəfəsində onun həmkarları Zeynallıya bəraət verilməsi üçün səyləri gücləndirəcəklərini  bildirib və Əvəz Zeynallının azad edilməsi məsələsini Milli Şuranın gündəliyinə daxil etməyi təklif edib.

Jurnalistin vəkili Elçin Sadıqov qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə artıq jurnalistin qanunsuz həbsi, ofisində və mənzilində axtarışlarla bağlı şikayət göndərilib və Ali Məhkəmə hökmü ləğv etməsə, Strasburqa işin mahiyyəti üzrə də şikayət gedəcək.

Araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlu hakimiyyəti müstəqil jurnalistikanı boğmaq cəhdlərinə son qoymağa çağırıb.

Turan informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, müstəqil jurnalist araşdırması Zeynallının işinin siyasi motivli olduğunu təsdiq edib. “Zeynallının həbs sifarişi Prezident Administrasiyasından və onun rəhbəri Ramiz Mehdiyevdən gəlib. Zeynallı yüksək vəzifəli məmurların tənqidinə və ifşasına görə “siyasi intiqam” məqsədilə həbs edilib. Zeynallıya qarşı cinayət təqibinin məqsədi azad medianı susmağa məcbur etmək idi”,- deyə Mehman Əliyev qeyd edib.

RATİ sədri Emin Hüseynov bildirib ki, hazırda ölkədə 60-dan çox siyasi məhbus var, onlar arasında 2 hüquq müdafiəçisi və 7 jurnalist var.

E.Hüseynov demokratik ictimaiyyəti jurnalistlərin azadlığı üçün səylərini birləşdirməyə çağırıb.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, hakimiyyət Zeynallını həbs etməklə bütünlükdə Azərbaycanda söz azadlığını təqib edir.

Görüş zamanı həmçinin iyulun 22-də – Milli Mətbuat Günü Zeynallı və digər jurnalistlərin azad edilməsi tələbi ilə piket keçirmək təklifləri səslənib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

            Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Məhkəmə qəzetin təkzib verməsi barədə qərar çıxarıb

Next Post

Seçkilər yaxınlaşdıqca prezidentin baş siyasi texnoloqu mediaya qarşı çıxışlarını daha da kəskinləşdirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.