Naxçıvanda jurnalistlərin döyülməsi və təzyiqə məruz qalmaları ilə bağlı Şərur rayon İcra Hakimiyyəti özünə bərətverici və sözsüz ki, həqiqətə uyğun olmayan və jurnalist Həkimeldostu Mehdiyev barədə qarayaxma xarakterli bəyanat yayıb. Şərur rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, son günlər RATİ-nin internet səhifəsində və bəzi müxalif yönlü qəzetlərdə Şərur rayon Cəlilkənd sakini Həkimeldostu Mehdiyevə qarşı, guya ona jurnalist fəaliyyəti ilə bağlı təzyiqlər edilməsi, eləcə də, RATİ-nin və Turan İA-nin bölgə müxbirlərinin döyülüb təhqir olunması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Xatırladaq ki, iyulun 15-də Şərur rayonunun Cəlil kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.
Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib. İyulun 15-də məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər.