HİLAL MƏMMƏDOVLA BAĞLI PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİLİB

   “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi hüquq-mühafizə orqanlarının görünməmiş özbaşınalığıdır.

Bunu bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında jurnalistin həyat yoldaşı Bahar Məmmədova bildirdi..
B.Məmmədova bildirib ki, H.Məmmədov həbs ediləndən sonra  axtarış aparanların vəhşiliyindən və özbaşınalığından şoka düşüb. Onun sözlərinə görə, 20 nəfər mülki geyimli şəxs içəri girərək mənzillərinin altını üstünə çeviriblər. Sonra bildiriblər ki, H.Məmmədovun pencəyinin cibindən içində narkotik maddə olan bükülü tapılıb.
“Səhər mən ərzaq almaq üçün pul götürəndə pencəyin cibinə baxmışdım. Bu barədə axtarış aparanlara bildirəndə onlardan biri dedi: “Nə olsun, biz özümüz qoya bilmərik bəyəm?” Mən onların  bu cür həyasızlığından şoka düşmüşdüm”, – deyə Məmmədova bildirib.
Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsinin rəhbəri Rafiq Cəlilov isə hesab edir ki, H.Məmmədovun həbsinə hazırlıq 2 ay əvvəlcədən başlanıb. Onun sözlərinə görə, mayın 25 və 26-da “Gündəm xəbər” qəzetində dərc edilən məqalədə bildirilib ki, “Tolışi sado” separatizmlə məşğul olur. “Əslində qəzet bir ildən artıqdır ki, çıxmır. Onun sözlərinə görə,  iyunun 9-da Talış Mədəniyyət Mərkəzinin Masallı rayonunun Mahmudavar kəndində keçirdiyi toplantı Məmmədovun həbsini sürətləndirib. Belə ki, toplantıda “Tolışi sado” qəzetinin bərpası qərara alınıb”.
 R.Cəlilovun fikrincə, Hilal Məmmədovun həbsinə onun internetə yerləşdirdiyi “Tı kto takoy, davay do svidaniya” meyxanası da səbəb ola bilər. O, istisna etmir ki, bu meyxana Azərbaycana “Eurovision”dan daha çox şöhrət gətirməsi barədə H.Məmmədovun dedikləri prezidentin xanımı Mehriban Əliyevanın acığına gəlib və bu da onun təqib edilməsinə səbəb olub.
Vəkil Ramiz Məmmədov bildirib ki, indiyədək H.Məmmədovdan qan analizi götürülməyib. Eyni zamanda istintaq tələsik olaraq “aşkar edilmiş” maddənin kimyəvi ekspertizasını aparıb və onun heroin olduğunu müəyyən edib.
O həmçinin bildirib ki, H.Məmmədov  saxlanılarkən fiziki təzyiqlərə məruz qalıb. Bədənində zorakılıq izləri var. Nizami Rayon Prokurorluğu istintaq aparır. H.Məmmədovun hüquqlarını Müdafiə Komitəsi prezident İlham Əliyevə müraciət edərək jurnalistin həbsinə münasibət bildirməsini xahiş edib. Müraciət müəllifləri 40-dan çox tanınmış siyasətçi, alim, ictimai xadim, ziyalı, jurnalistdir. Komitə həm Azərbaycanda, həm də xaricdə H.Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı kampaniyanı davam  etdirmək niyyətindədir.
Xatırladaq ki, “Talişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında  Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü  (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Bu maddə ilə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.  
Previous Post

NATİQ ƏDİLOV VƏ QAN TURALI ZƏRƏRÇƏKƏN ŞƏXS QİSMİNDƏ TANINDILAR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.