RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ: “KANALLARLA BAĞLI HEÇ BİR PROBLEM YOXDUR”

aprel 15th, 2009
Qazax rayonunun Ermənistanla sərhəd ərazilərində yerləşən kəndlərində yerli telekanalları izləmək mümkün deyil.

Yerli əhali yalnız peyk televiziyasından yerli kanalları izləyə bilir və bundan əlavə həmin ərazilərdə bir neçə erməni telekanalları yayımlanır.  Bu xəbər “Gündəlik Bakı” qəzetinin bugünkü (15 aprel) sayında verilib. Xəbəri dəqiqləşdirmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi ilə əlaqə saxlanılıb. Birliyin texniki direktoru Mikayıl Abbasovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirdiyinə görə, bu məsələ ilə bağlı heç bir problem yoxdur. O, söyləyib ki, faktiki olaraq Qazax rayonunda “AzTv” və “İTV” normal yayımlanır. O, özəl telekanalların yalnız böyük şəhərlərdə verici yerləşdirdikləri üçün rayonlarda bu kanalları sadəcə peyk yayımı vasitəsi ilə izləmək mümkün olduğunu da bildirib. Erməni kanallarının isə yerli telekanalların tezliklərində yayımlanmadığını, yalnız sərhəd zonalarında başqa tezliklərdə yayımlandığını söylədi. Bunun isə sərhəd zonasında 300 metrə qədər olan ərazilərdə başqa ölkələrin telekanallarının bizim tezliklərə düşməsinin isə normal hal olmasını vurğuladı.
M. Abbasov bildirdi ki, Dövlət Radio Tezliklər İdarəsi Azərbaycanla qonşu olan dövlətlərlə hər ay bir dəfə koordinasiya aparır. Hər hansı anlaşılmazlıq olanda isə dərhal həmin ölkələrlə əlaqə yaradıldığını, Ermənistanla müharibə şəraitində olduğumuz üçün isə əlaqə yaratmağın mümkün olmadığını, yalnız öz ərazimizdən müəyyən tədbirlər görə bildiklərini bildirdi.