KƏPƏZ TV TƏSİSÇİSİNİN DƏYİŞDİRİLMƏSİ İLƏ BAĞLI ZİDDİYYƏTLİ MƏLUMATLAR YAYILIR

Gəncədə yayımlanan Kəpəz televiziya kanalının təsisçisi bir neçə gün bundan öncə dəyişdirilib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna etibarlı mənbələrdən daxil olan məlumatlara görə, Kəpəz TV artıq onun keçmiş sahibi Əsgərov Rüfət Rasim oğlundan hökumət nümayəndələrin basqıları nəticəsində demək olar ki zorla alınıb. Verilən məlumata görə, basqılardan xaricə qaçmağa məcbur olan R. Əsgərov başına gələn haqsızlıqlar barədə xaricdən telefonla zəng vuraraq RATİ mənbələrinə məlumat verib. Məlumata əsasən telekanal alınmamışdan əvvəl güc nazirliklərindən biri öz işçiləri vasitəsi ilə R. Əsgərova təzyiq göstərib və basqılara tab gətirməyən kanal sahibi  telekanalı pul almadan “satmağa” və ölkəni tərk etməyə məcbur olub. Məlumatda o da bildirilir ki, telekanalın yeni sahibləri ölkə rəhbərliyi  ilə bağlı olan özəl qurumların qeyri-rəsmi nümayəndələridir.
       Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün RATİ “Kəpəz” TV-nin rəhbərliyinə müraciət etdi. Telekanalın yenicə təyin olunmuş rəhbəri  Fuad Cabbarov “Kəpəz” TV-nin təzyiq nəticəsində alınmasını cəfəngiyat adlandıraraq telekanalı  könüllü alqı-satqı müqaviləsi əsasında R. Əsqərovdan aldıqlarını vurğuladı. Yeni təsisçilər haqqında və telekanalın neçəyə alınması barədə yaranmış sualı cavablandırmaqdan yayınan F. Cabbarov bu suala cavabın kommersiya sirri olduğunu vurğuladı.
       

 “Rüfət Əsgərov telekanalı bu ilin əvvəlindən satırdı. Bizim yeni sahibimiz bunu eşidəndən sonra kanalı almaq qərarına gəldi. Biz Rüfət Əsgərovun istədiyi pulu ona  ödəmişik və hazırda o özünə xaricdə iş tapdığı üçün xaricə işləməyə gedib“, – deyə qeyd edən F. Cabbarov RATİ-nin əməkdaşına bir maraqlı məsləhət də verdi: “Siz bu məsələni qabartmayın, çünki bu məsələni qabardanlar sonradan peşman olacaqlar”.
        RATİ Milli Televiziya və Radio Yayımı Şurasının sədri Nuşirəvan Məhərrəmli  ilə də əlaqə saxlayıb. Telekanallın təzyiq nəticəsində alınıb-alınmadığı barədə məlumatsız olduğunu bildirən Məhərrəmli əlavə etdi ki, telekanal sahibinin 2008-ci ilin əvvəlindən “Kəpəz” TV-ni satmaq istədiyini bilirmiş. Məhərrəmli də telekanalın yeni sahibləri barədə məlumat verməsə də, yalnız onu söylədi ki,  yeni sahibi hüquqi şəxs deyil.

RATİ “Kəpəz” TV-nin artıq sabiq təsisçisi  olan Rüfət Əsgərovla da əlaqə yaratmaq istəsə də,  təəssüf ki,  nə onunla,  nə də yaxın qohumları ilə əlaqə yaratmaq mümkün olmadı.

Gəncədə yerüstü yayım vasitəsi ilə yayımlanan “Kəpəz” telekanalı 14 iyul 1993 il tarixində yaradılıb və 6 may 1994 ildən yayıma başlamışdır. Regional telekanalların içərisində nisbətən  müstəqilliyi ilə seçilən “Kəpəz” TV Azərbaycanın ikinci ən böyük şəhəri  olan Gəncədə  populyar telekanal sayılırdı.

Previous Post

MTRŞ SƏDRİ AZTV-NİN İDMAN KANALINI ALMASINI QANUNİ HESAB EDİR

Next Post

AQİL XƏLİL SIĞINACAQ İSTƏMƏSİ İLƏ BAĞLI YAYILAN MƏLUMATLARI ÖZÜNƏ QARŞI NÖVBƏTİ TƏXRİBAT HESAB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.