AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ FƏTULLAYEVİN İŞİNİ MÜZAKİRƏ EDƏCƏK

Martın 11-də Avropa Şurasının Nazirlər Kabineti “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist  Eynulla Fətullayevin işini müzakirə edəcək. Bu barədə bu gün (22 fevral) Reporyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 30 noyabr 2010-cu il tarixdə Avropa Məhkəməsi Azərbaycan hökumətinə qərarın icra edilməsi ilə bağlı vaxt təyin etmişdi:
“Göstərilən müddət ərzində Azərbaycan hökuməti qərarı icra etməli idi, lakin bu sahədə hər hansı bir fəallıq görünmür. İşin yenidən Avropa Məhkəməsində baxılmasını gözləyirik və sonda Azərbaycan hökumətindən məhbus jurnalistlə bağlı qərarın tezliklə icra edilməsi tələb ediləcək”, – deyə vəkil bildirib.
Qeyd edək ki, söz azadlığı və mətbuat sahəsində fəaliyyət göstərən 13 beynəlxalq təşkilat Eynulla Fətullayevə azadlıq çağırışı ilə Avropa Şurası Nazirlər Komitəsinə müraciət edib.
Müraciətdə Xarici İşlər Nazirlər Komitəsinin üzvlərindən   mart ayında keçiriləcək toplantıda baş redaktorun dərhal azad olunması haqqında qərarın icra edilməsinə nail olmaq üçün mütləq fəallığın nümayiş etdirilməsi öz əksini tapıb. Müraciət “Sərhədsiz Reportyorlar”, “Artikl19”, Jurnalistləri Müdafiə Komitəsi, Freedom House və başqa təşkilatlar tərəfindən imzalanıb.
Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.  
 

Previous Post

AVROPALI DİPLOMATLAR NAXÇIVANA SƏFƏR EDİB

Next Post

GƏNC FƏALIN ZORAKILIQLA ÜZLƏŞMƏSİNƏ DAİR MƏHKƏMƏSİ QAPALI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.