Müsavat məclisinin üzvü qəzetdəki yazısına görə polisə çağırılıb

fevral 26th, 2013

19302

Müsavat Partiyası məclisinin üzvü Cahangir Əmirxanlı  “Yeni Müsavat” qəzetinin 23 fevral 2013-cü il tarixli sayında dərc olunmuş və Gəncə şəhər rəhbərliyini, ələlxüsus icra başçısı Elmar Vəliyevi tənqid edən “Gəncə – gözəl diyar, kasıb şəhər…” başlıqlı yazısına görə fevralın 24-də polis idarəsinə çağırılıb. Bu barədə “musavat.com” saytı məlumat yayıb.

Gəncədə yaşayan C.Əmirxanlı bildirib ki, əvvəlcə Gəncə Şəhərinin Kəpəz Rayon Polis İdarəsinə çağırılsa da, oradan polis əməkdaşlarının müşayiəti ilə Gəncə Şəhər Baş Polis İdarəsinə – rəis müavini İlqar Balakişiyevin qəbuluna aparılıb. İlqar Balakişiyev yazı ilə bağlı etirazını bildirərək, onu qərəzli yazı yazmaqda günahlandırıb. Daha sonra isə C. Əmirxanlı sərbəst buraxılıb.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) açıqlamasında bildirib ki, Cahangir Əmirxanlı qəzetin əməkdaşı deyil, sadəcə Gəncə haqında yazısı qəzetdə dərc olunub. “Lakin əgər C.Əmirxanlı yazıya görə polisə çağırılması ilə bağlı hər hansı hüquqi addımlar atmağı düşünürsə, qəzet kollektivi onu dəstəkləyəcək” – deyə R.Arifoglu bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsindən məsələ ilə bağlı cavab verməkdən imtina etdilər.