Prokuror “Xəyal” TV-nin əməkdaşlarına 4,5 il cəza istəyib

fevral 25th, 2013

Fevralın 25-də Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə həbs olunan “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, telekanalın baş redaktoru Zaur Quliyev və digərlərinin işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə çıxış edən dövlət ittihamçı Əhəd İbrahimov təqsirləndirilən şəxslərə cəzalar istəyib. Vəkil Elçin Sadıqovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, prokuror “Xəyal” TV-nin əməkdaşları Vüqar Qonaqov və  Zaur Quliyevin hər birinə 4 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Qeyd edək ki, növbəti proses martın 12-də vəkillərin çıxışı ilə davam edəcək.

Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibov 2012-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 manata satırlar” ifadəsi rayon əhalisinin 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirməsi ilə nəticələnib. Aksiya iştirakçıları R.Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. İcra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. Məsələ ilə bağlı cinayət işi açılıb və prokurorluq 20-dən artıq adamı həbs edərək, kütləvi iğtişaş törətməkdə ittiham edib. Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə irəli sürülmüş ittihamlarda dəstə üzvlərinin icra başçısının çıxışının məqsədli şəkildə montaj olunması, “YouTube” videoportalına yerləşdirilməsi və insanları etiraza çağırması yer alıb. Regional “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev də həmin çıxışı xüsusi montaj etməkdə ittiham olunur. Jurnalistlər isə ittihamı qəbul etmir və həmin videosüjetin onlar tərəfindən hazırlanmadığını bildirirlər.