Bu gün (26 iyul) Qaradağ rayon məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə gənc bloqçu Adnan Hacızadənin vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı iddiası üzrə məhkəmə prosesi keçirilib. Prosesdə 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndələri Natiq Hacıyev və Əli Nəbiyev, həmçinin Adnan Hacızadə və vəkili İsaxan Aşurov iştirak edib.
Cəzaçəkmə müəssisəsinin nümayəndələri Adnan Hacızadənin ziddiyyətli xarakterə malik olmasını və vəkili ilə tez-tez görüşdüyünü əsas gətirərək, onun vatından əvvəl azad olunmaqla bağlı şikayətinin təmin edilməməsini istəyiblər. Cəzaçəkmə müəssisəsinin nümayəndəsi həmçinin Hacızadənin etdiyi əməldən peşman olmadığını və abadlaşdırma işlərində iştirak etmədiyini də bildirib.
Vəkil İsaxan Aşurov isə səslənən fikirlərin bəhanə olduğunu qeyd edib və hakimi Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq Hacızadəni vaxtından əvvəl azad etməyə çağırıb.
Hakim şikayətin təmin edilməməsi ilə bağlı qərar verib.
Məhkəmənin qərarını mənfi qiymətləndirən İsaxan Aşurov hakimin şikayətə baxılmasına formal yanaşdığını və bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Foto: http://www.flickr.com/photos/irfs/