MƏHKƏMƏ İCRAÇILARI “XURAL” QƏZETİNİN ƏMLAKINI DA SİYAHIYA ALDILAR

Mayın 13-də  məhkəmə icraçıları prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyeva kompensasiya ödənilməsi haqqında məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Xural” qəzetinin əmlakını siyahıya alıblar.

Qəzetin redaktoru Əvəz Zeynallının RATİ-yə verdiyi məlumata görə, məhkəmə icraçıları Mehdiyevə 10 min manat ödənilməsinin icrasını tələb edirlər.  Zeynallı isə  redaksiyanın bu qədər vəsaitinin olmadığını bildirir. Bir gün öncə isə məhkəmə icraçıları Zeynallının yaşadığı mənzilə gedərək mal və mülkünü siyahıya almışdılar.

Xatırladaq ki, “Xural” qəzetinin 23 may 2010-cu il tarixli sayında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların  təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin iddiası tam təmin edilib. Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

         Qeyd edək ki,  müğənni Nüşabə Ələsgərli “Xural”  qəzetinin 04.03.2007 tarixdə dərc olunan “İTV “Xural”a tələ qurdu” adlı məqaləsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək,  “Xural” qəzetinə qarşı iddia qaldırmışdı. Nərimanov rayon Məhkəməsi qəzet redaksiyasının  100 AZN məbləğində cərimə ödəməsi, eləcə də qəzetin növbəti saylarında təkzib verilməsi barədə qərar çıxarıb. Amma redaksiya maddi imkansızlıqdan cərimə məbləğini vaxtında ödəyə bilməyib. Daha sonra isə Nərimanov rayon Məhkəməsi  3 fevral  2011-ci il tarixli qərarı ilə cəriməni vaxtında ödəməməyinə görə  baş redaktorun 3 000 manat həcmində cərimə edilməsi barədə qərar vermişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair  iddia qaldırıb. İddiaya səbəb “Xural” qəzetinin 24-30 iyun 2007-ci il tarixli “Nəşriyyat “qızıl” kəsir”, 29 iyul-04 avqust 2007-ci il tarixli “Azərbaycan mətbuatının ölüm yeri”  və 19-25 avqust 2007-ci il tarixli “”Azərbaycan” Nəşriyyatı yox, “Azərbaycan fabriki” adlı məqalələr səbəb olub. Məqalələrdə Nəşriyyatın baş direktorun fəaliyyətində yol verdiyi qanun pozuntuları əks olunub. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250 000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdi. Nərimanov rayon Məhkəməsi bu iddianı qismən təmin edərək qəzetin təkzib verməsi və dəymiş mənəvi  ziyana görə 1 000 manat təzminat ödənilməsi haqqında qərar vermişdi. Apellyasiya Məhkəməsi isə cərimənin 660 manata qədər azaldılması barədə qərar verib.

Previous Post

OSMAN KAZIMOVUN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ START GÖTÜRDÜ

Next Post

İCRA BAŞÇISI JURNALİSTLƏRİ SÜRÜYÜB MƏHV EDƏCƏYİ İLƏ HƏDƏLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.