MƏHKƏMƏ DEPUTATIN MÜSADİRƏ OLUNMUŞ 271 MANATINI GERİ QAYTARDI

 Avqustun 25-də Babək rayon Məhkəməsi 23 iyul 2009-cu il tarixdə Muxtar Respublika  Milli Təhlükəsizlik Nazirliyi  Babək rayon Şöbəsinin əməkdaşları tərəfindən Cəhri kənd Bələdiyyəsinin sədri, Naxçıvan Muxtar Respublika Ali Məclisinin deputatı Zahid  İsmayılovdan müsadirə olunmuş 271 manatını geri  qaytarıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirlərinə Zahid  İsmayılovun özü məlumat verib.

“Babək rayon Məhkəməsində mənə dedilər ki, sən deputatsan sənə heç nə etmək olmaz. Sənin müsadirə olunmuş pulunu qaytarırıq. Digər iki nəfərdən müvafiq olaraq götürülmüş  15 və 37 manat isə müsadirə  olunur və əlavə olaraq onların hər birini 20 manat cərimə ediliblər” – deyən deputat məhkəmənin nə zaman və kimlərin iştirakı ilə keçirildiyi barədə də ona heç bir məlumatın verilmədiyini bildirib.
“Mənə dedilər ki, məhkəmənin qərarından  şikayət etmək olmaz.  Bəlli oldu ki, cərimələnmiş şəxslər mənim əleyhimə heç bir izahat verməyiblər. Həm də onların guya mənimlə qumar oynamaqları haqda da məhkəmədə heç bir dəlil-sübut yoxdur. Bu səbəbdən də adlarını çəkmək istəmədiyim həmin şəxslər əsassız olaraq cərimələndikləri üçün yuxarı məhkəmə instansiyasına şikayət verəcəklər”, – deyə Zahid İsmayılov vurğuladı.
Xatırladaq ki, Z.İsmayılov 22 iyul 2009-cu il tarixində  yaşadığı kənd ərazisində  əkin sahələrinin suvarılması və kəndin digər sosial-iqtisadi problemləri barədə   mətbuata açıqlama verib. Bundan sonra ona qarşı təzyiqlər başlanıb. 23 iyul 2009-cu il tarixdə onun şəxsi mülkiyyətinə aid olan obyektə MTN-in Babək rayon Şöbəsinin əməkdaşları daxil olublar. Həmin vaxt  orada sahibkar deputat Zahid İsmayılov, kombayn sürücüsü və daha bir nəfər işçisi olub. Obyektdə daxil olan şəxslər heç bir sənəd təqdim etmədən onları qumar oynamaqda ittiham ediblər və məcburi qaydada orada olan şəxslərin üstündə axtarış aparıblar. Orada olan işçilərin birinin üzərindən 15 AZN, digərinin üzərindən 37 AZN, Ali Məclisin deputatı Zahid  İsmayılovun üstündənsə 271 AZN pul götürüblər.  Avqustun 7-də   Naxçıvan  televiziyasının ( NTV) saat 19.00-da efirə gedən  xəbərlər proqramında Muxtar Respublika  Daxili İşlər Nazirliyinin  İctimai Təhlükəsizlik İdarəsinin deputatla bağlı yaydığı məlumat səsləndirilib. Məlumatda Z.İsmayılov qumarbaz kimi təqdim olunub.

Previous Post

FANAT.AZ SAYTINA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.