Bəşir Süleymanlı və Anar Məmmədli azadlıqdan məhrum edilib

anar

Mayın 26-da  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə prosesdə hökm oxunub.

 Hökmə görə, Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum ediliblər. Elnur Məmmədov isə şərti olaraq 3 il 6 ay azadlıqdan məhrum olunub.

Məhkəmə  Bəşir Süleymanlının da məhkəmə zalından həbs edilməsi barədə qərar verib.

Onu da qeyd edək ki, bu gün səhər əvvəl təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.

Məmmədlinin vəkili Elçin Sadıqov bildirib ki, cinayət işi özü qanunsuz açılıb. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi vergi cinayətləri ilə bağlı cinayət işi açmaq hüququna malik deyil.

Digər tərəfdən, Sadıqov qeyd edib ki, ƏDV-nin ödənilməməsi haqqında iradlar əsassızdır, belə ki, qanunvericiliyə əsasən, qrantlar bu vergidən azaddır.

QHT-lərə Dövlət Dəstəyi Şurasının verdiyi qrantlara ƏDV şamil edilmir. “Ölkənin ən böyük QHT-si – Heydər Əliyev Fondu da ƏDV ödəmir”, deyə Sadıqov qeyd edib.

Elnur Məmmədovun vəkili Cavad Cavadlı həmkarı Sadıqovu dəstəkləyib. Bu zaman o, öz çıxışında diqqəti cinayət işinin açılması üçün əsas olmuş ƏDV ödənişindən yayınma ittihamının əsassız olduğuna çəkib. O xatırladıb ki, Azərbaycan qanunvericiliyinə və ABŞ-la hökumətlərarası sazişə əsasən, qrantlar ƏDV-dən azaddır.

Anar Məmmədlinin digər vəkili İradə Cavadova həmkarlarının arqumentləri ilə razılaşdığını bildirərək, məhkəmədə 20 zərərçəkmişin və 21 şahidin dindirildiyinə və yalnız bir zərərçəkmişin təqsirləndirilən şəxslərə qarşı ifadə verdiyinə diqqət çəkib.

O da vurğulayıb ki, qrant müqaviləsi qeydiyyatdan keçmədiyi üçün qrant müqaviləsi olmaqdan çıxmır, belə ki, söhbət qeyri-kommersiya fəaliyyəti üçün maliyyə yardımı verilməsindən gedir.

Süleymanlının vəkili Əlibaba Rzayev həmkarları ilə həmrəy olub, o, 308.2-ci maddə ilə ittihamın müttəhimlərin cinayət təqibinin əsl məqsədlərini ələ verdiyi barədə fikir bildirib. Onun fikrincə, bütün digər ittihamlar, xüsusən mənimsəmə ittihamı guya ABŞ Milli Demokratiya İnstitutu tərəfindən verilmiş qrantın “mənimsənildiyini” göstərmək məqsədi daşıyır. “Vəsait mənimsənibsə, deməli seçkilərin heç bir monitorinqi aparılmayıb, onun nəticələri haqqında tənqidi hesabat isə “saxtalaşdırılıb”. İttihamın mahiyyəti bundan ibarət idi, baxmayaraq ki, ittiham aaakkktında bu barədə heç nə deyilmir. Lakin məhkəmə istintaqı zamanı real monitorinq aparıldığı təsdiqini tapıb”, deyə Rzayev qeyd edib.

Daha sonra bütün təqsirləndirilənlərin adından yekun sözlə təqsirləndirilən şəxslər özləri çıxış ediblər.

Anar Məmmədli toplaşanları Respublika Günü münasibətilə təbrik edərək, qeyd edib ki, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra 96 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi dəyərlərə nail olmaq üçün çox şey etmək olardı. Lakin insanların ifadə, birləşmək azadlığına görə təqib edilməsi göstərir ki, 22 il müstəqillik qaçırılmış fürsətlər dövrü olub.

Daha sonra o, mayın 14-də Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyə başladığına diqqət çəkib.

Elə bu günlərdə “Atletico” futbol klubu Çempionlar Liqası Kubokunun finalına üzərində “Azərbaycan – odlar diyarı” yazısı olan köynəklərlə çıxıb və bu, dünyanın diqqətini Azərbaycanın üzərinə çəkib.

“Amma qorxuram ki, ölkəmizin Avropa Şurasında sədrliyinin sonuna doğru Azərbaycan “siyasi məhbuslar diyarı” kimi məşhurlaşacaq”, deyə Məmmədli bildirib.

Daha sonra o deyib ki, cinayət işi vətəndaş fəallığına və seçkilərin monitorinqinin keçirilməsinə görə cəzalandırmaq məqsədilə açılıb.

“2001-ci ildən etibarən monitorinqlər həyata keçirən təşkilat, istintaqın təqdim etməyə çalışdığı kimi, cinayət qrupu ola bilməz”, deyə Məmmədli bildirib.

Bu zaman o qeyd edib ki, 2008-ci ildə Seçkilərin Monitorinqi Mərkəzinin qeydiyyatı ləğv edilib, yeni SMDT-ni isə Ədliyyə Nazirliyi qeydiyyata almaqdan imtina edib.

Buna görə Məmmədli fiziki şəxs kimi qrant almaq məcburiyyətində qalıb.

Bu zaman 2008-2013-cü illər ərzində təşkilatın fəaliyyəti şəffaf olub, 480 min manat məbləğində qrantlar alınıb. Bu vəsait ƏDV-dən və bir sıra digər ödənişlərdən azad olub. Bununla belə, Məmmədli özü öz maaşından 12 min manat vergi ödəyib.

Lakin 2013-cü ilin əvvəllərində qanunvericiliyə dəyişikliklər edildikdən sonra SMDT prezident seçkilərinin monitorinqi layihəsini həyata keçirmək üçün tərəfdaş kimi qeydiyyatı olan Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyini (KBƏİB) cəlb etmək məcburiyyətində qalıb.

Məmmədli prezident seçkilərinin nəticələrinə təsir etmək ittihamını absurd adlandırıb. Çünki bu maddə seçki komissiyalarının, dövlət və bələdiyyə məmurlarının üzvlərinə aid ola bilər.

Süleymanlı və Məmmədov da ittihamları təkzib ediblər və məhkəməni bəraət hökmü çıxarmağa çağırıblar.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.

Previous Post

Rahim Hacılı: İctimaiyyətə müraciət son çıxış yoludur

Next Post

Facebook fəalı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.