“AZADLIQ” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

iyul 1st, 2008
Bu gün (01 iyul) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə "Azadlıq Hərəkatçıları" Birliyinin "Azadlıq" qəzetinə

qarşı qaldırdığı iddia üzrə keçirilməli olan məhkəməyə hazırlıq iclası təxirə salındı. Məhkəmənin təxirə salınmasına səbəb cavabdehin vəkili Elçin Sadıqovun qaldırdığı vəsatət oldu. ABŞ-da səfərdə olduğu üçün iş materialları ilə tanış olmağa imkan tapa bilməyən vəkil məhkəmədən prosesə hazırlaşmaq üçün ona vaxt verilməsini istədi.
İddiaçının vəkili Orxan Məmmədzadə qaldırılmış vəsatətin əsassız olduğunu və prosesin davam etdirilməsini tələb etdi. Buna baxmayaraq hakim Elçin Sadıqovun vəsatətini təmin edərək prosesi 10 iyul saat 14:30-a  qədər təxirə saldı.
Belə ki, məhkəmə iclasında  iddiaçının nümayəndələri – Kamil Behbudov və Nəzər Nəzərov, vəkil Orxan Məmmədzadə, cavabdeh tərəfdən isə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov və vəkil Elçin Sadıqov  iştirak edirdi.
Xatırladaq ki, birliyin rəhbəri Təhmasib Novruzovun imzası ilə verilmiş iddia ərizəsində “Azadlıq” qəzetinin yaranma və fəaliyyət tarixi xatırladılır və qeyd olunur ki, qəzetə rəhbərlik edənlər onu öz müqəddəs yolundan yayındırmaq istəyiblər: “1995-ci ildə “Azərbaycan Xalq Cəbhəsi” (AXC) hərəkatı bazasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yarandıqdan sonra heç bir səbəb olmadan AXC-nin mülkiyyəti olan “Azadlıq” qəzeti AXCP-nin orqanı kimi deyil, qəzet kollektivinin orqanı kimi fəaliyyət göstərib”.
İddia ərizəsində tələb olunur ki,  “Azadlıq” qəzetinin təsisçiliyi redaksiya kollektivindən alınaraq AXCP-yə verilsin və qəzetə “İstiqlal” muzeyində guşə yaradılması məqsədi ilə redaksiya 150 000 AZN məbləğində cərimələnərək, həmin vəsaitin  muzeyin fonduna köçürülməsi təmin edilsin.