Apellyasiya Məhkəməsi Rəsul Cəfərovun şikayətini təmin etməyib

sentyabr 26th, 2014

rasul

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə  həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərovun bank hesabına həbs qoyulması ilə bağlı verdiyi şikayətinə baxılıb.

Prosesdə hüquq müdafiəçisinin nümayəndəsi Günay İsmayılova iştirak edib və Cəfərovun  özünün də  iştirakı təmin edilib.

Rəsul Cəfərov məhkəmədə çıxış edərək bank hesabına həbs qoyulması üçün Səbail Rayon Məhkəməsi kifayət qədər əsaslara malik olmadığını və buna görə də qanunsuz çıxarılmış qərarın ləğv edilməsini istədiyini bildirib.

Məhkəmə şikayəti təmin etməyib və Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi bir sıra yerli və beynəlxalq QHT-lərə qarşı açılmış cinayət işi ilə əlaqədar Baş Prokurorun müavini Rüstəm Usubovun təqdimatı və Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqinin vəsatəti əsasında Rəsul Cəfərovun “Bank REspublika” Açıq Səhmdar Cəmiyyətində olan hesabına həbs qoyulması barədə  07 iyul tarixli qərar çıxarıb.

Xatırladaq ki, Rəsul Cəfərov avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213(vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Cəfərov  barəsində  3 aylıq  həbs tədbiri seçilib

Qeyd edək ki, Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.