Hüquq müdafiəçisinin həbsxanada döyüldüyü bildirilir

ley

Vəkilləri hüquq müdafiəçisi Leyla Yunusun saxlandığı Kürdəxanı təcridxanasında sentyabrın 23-də döyüldüyünü bildirirlər. Bununla bağlı vəkillər sentyabrın 24-də yaydıqları bəyanatda qeyd edirlər ki, Leyla Yunus ötən gün saxlandığı kameradan çıxarılaraq başqa kameraya aparılıb. Burada isə təcridxananın mayor rütbəsində Yaqubov soyadlı əməkdaşı ona zərbələr endirməyə başlayıb.

“Mayor Leyla Yunusun saçından tutub yıxıb və onu sürüyüb, eyni zamanda böyrünə zərbələr endirib. Biz müdafiəçiləri olaraq Leyla Yunusa qarşı baş verənlərin biabırçılıq və yolverilməz olduğunu bildiririk. Aidiyyəti orqanlardan bu məsələnin təxirə salınmadan araşdırılmasını, təqsirli şəxslərin cəzalandırılmasını, Leyla Yunusa təcili yardım göstərilməsini tələb edirik”, deyə vəkillərin bəyanatında qeyd edilib.

Vəkillər onu da bildirib ki, hüquq müdafiəçisinin yaxınları ilə ünsiyyət qurmasına 1 aylıq qadağa qoyulub.

Qeyd edək ki, Leyla Yunusun hüquqlarını vəkillər Elçin Qəmbərov, Fariz Namazlı, Cavad Cavadov, Xalid Bağırov və Əlayif Həsənov müdafiə edir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən isə Leyla Yunusun döyülməsi ilə bağlı yayılan məlumatı təkzib ediblər.

Qeyd ediblər ki, yayılan məlumat  Leyla Yunusu gündəmdə saxlamaq üçün vəkillərin növbəti uydurmasıdır.

Xatırladaq ki, hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət, vergidən yayınma, dələduzluq, qanunsuz sahibkarlıq, sənədləri saxtalaşdırma” maddələri ilə ittiham edilir, barəsində həbs qətimkan tədbiri seçilib.

Previous Post

Jurnalist Xədicə İsmayılova airportda saxlanılıb

Next Post

Apellyasiya Məhkəməsi Rəsul Cəfərovun şikayətini təmin etməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.