“TURAN” İNFORMASİYA AGENTLİYİNİN ƏMƏKDAŞININ APELLYASİYA ŞIKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (14 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqovun Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Şahin Fərhadovun 27 aprel 2012-ci il tarixli qərarının ləğv edilməsinə dair Nəsimi rayon Məhkəməsinin qərarından  verilən apellyasiya şikayətinə əsasən  məhkəmə prosesi keçirildi.

Prosesdə Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Şahin Fərhadov və prokurorluğun əməkdaşı Musa Hacıyev iştirak ediblər.
E. Budaqov çıxış edərək, Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Şahin Fərhadovun qərarından narazı qaldığını məhkəməyə bildirib. Ş. Fərhadov isə çıxışında işlə bağlı düzgün araşdırılma aparıldığını bildirib. Prokurorluğun əməkdaşı M. Hacıyev ilkin instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən istəyib.
Hakim M. Hüseynov Nəsimi rayon məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmağı barədə qərarını elan edib.
Jurnalist RATİ-yə bildirdi ki, bu qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək.
Qeyd edək ki, ilkin instansiya məhkəməsi jurnalistin və onun vəkilinin xəbəri olmadan keçirilib.
Xatırladaq ki, 02 aprel 2012-ci ildə  “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsindəki mənzillərin sökülməsi ilə bağlı peşə fəaliyyətini yerinə yetirərkən Bakı Şəhər İcra hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılov və BŞİH-nin tanımadığı bir əməkdaşı tərəfindən təhqirə və fiziki zorakılığa məruz qalıb. Belə ki, adıçəkilən şəxslər jurnalisti kobud şəkildə təhqir edərək üzünə çoxsaylı zərbələr endiriblər. Nəticədə jurnalist E. Budaqovun xidməti fotoaparatı əlindən alınaraq aparatın obyektivi tamailə yararsız hala gətirilib. Jurnalist 15 avqust 2012-ci ildə məhkəmə nəzarəti qaydasında Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Şahin Fərhadovun qərarından şikayət verib. Lakin Nəsimi rayon məhkəməsi 03 sentyabr 2012-ci ildə şikayətin rədd edilməsi barədə qərar çıxarıb. Budaqov məhkəmənin bu qərarını ədalətsiz hesab edərək apellyasiya şikayəti verib.      

Previous Post

ƏVƏZ ZEYNALLI PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Next Post

Elan!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.