Polis əməkdaşları jurnalistin məhkəməsində ziddiyyətli ifadələr veriblər

Km51EXEX4Hl5

Yanvarın 14-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə İsmayıllı məhbuslarının işi üzrə növbəti məhkəmə prosesi keçirilib. İclasda işdə zərərçəkmiş kimi keçən Bəşir Xələfov və Valeh Sultanzadə adlı polis əməkdaşları dindirilib.  Bu barədə bu gün (15 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Nemət Kərimli məlumat verib.

Nemət Kərimlinin sözlərinə görə, dindirilən polis işçiləri heç bir maddi-mənəvi zərərə uğramayan, ona görə də, əslində, işdə şahid olan polislərdir. “Onlar şahid kimi iştirak etsəydilər, bir-birinin ifadəsini, vəkillərin onlara nə sual verdiklərini bilməyəcəkdilər. İttiham tərəfi də elə buna görə onları işə qəsdən şahid kimi yox, zərərçəkmiş kimi daxil edib ki, onların iclaslarda iştirakları təmin edilsin, onlar da biri-digərinin dediklərini eşidib ifadələrini uyğunlaşdırsınlar”, -deyə Kərimli qeyd edib.  

Vəkil bildirib ki, dindirilən şəxslərdən Bəşir Xələfov adlı İsmayıllı polisinin əməkdaşı nahardan əvvəl dindiriləndə ilkin istintaqa verdiyi ifadənin bir hissəsindən imtina edib, məhkəməyə ifadə verib ki, o İlqar Məmmədovu və Tofiq Yaqublunu adamların arasında görsə də onların hər hansı iğtişaş törətdiyini, çağırışlar etdiyini şahidi olmayıb. “Prokuror və hakim bir neçə dəfə ondan bu ziddiyyətin səbəbini soruşanda Xələfov bildirib ki, onlar eşitdiklərim olub, indi söylədiklərim isə öz gördüklərimdir. Polis əməkdaşı israrlı suallara eyni qaydada cavab verərək İlqar Məmmədov və Tofiq Yaqublunun qanunazidd hərəkətlər törətdiklərini görmədiyini bildirib.  Bu dindirmə nahar fasiləsinə qədər olub və bitib. İşdə zərərçəkmiş kimi keçən digər bir polis əməkdaşı Valeh Sultanzadə də adamların daş atdıqlarını görsə də, ancaq İlqar Məmmədovla Tofiq Yaqublunun belə hərəkətlər etmədiyini bildirib. Nahardan sonrakı proses zamanı dövlət ittihamçısı qəfildən çarpaz sualı olduğunu bildirib dindirməsi başa çatmış Bəşir Xələfova yenidən təkrar suallar ünvanlayıb. B.Xələfov isə, bu dəfə nahardan əvvəl məhkəməyə verdiyi ifadələri təkzib edib, istintaqdakı ifadələrini təsdiq etdiyini bildirib. Ondan məhkəmədəki mövqeyini 180 dərəcə dəyişməsinin səbəbini soruşanda isə, B.Xələfov həyəcanlı olduğunu deyib”,-deyə vəkil əlavə edib.

N. Kərimli əlavə olaraq qeyd edib ki, bu açıq-aşkar onun nəticəsi idi ki, polis işçisinə nahar fasiləsində təzyiq edilmişdi, çünki, nahardan əvvəl ifadə verəndə hakim də, prokuror da ona dəfələrlə eyni sualı vermişdilər, israrla tələb etdilər, hətta narazılığımıza baxmayaraq aşkar psixoloji təzyiqə keçmişdilər ki, sən istintaqdakı ifadəni niyə dəyişirsən, səbəbini söylə.

Yanvarın 15-də keçirilən məhkəmə prosesində isə daha bir polis işçisinin və zərərçəkmişlərin dindirilməsi ilə davam edib. Vəkil Nemət Kərimli RATİ-ə bildirib ki, polis işçisi Fərəc Əzizov ifadə verərək istintaqda verdiyi ifadəsindən imtina edib. “Onun istintaqdakı ifadəsində Tofiq Yaqublu və İlqar Məmmədovu insanları iğtişaşlara sövq etdiyindən danışılırdı. Fərəc Əzizov həmin ifadədən imtina edərək məhkəməyə ifadəsində müttəhimlərdən heç birini İsmayıllı hadisələri zamanı orada görmədiyini,  ümumiyyətlə 24 yanvar 2013-cü il tarixində şöbədə olduğunu, istintaqa ifadəsini isə müstəntiqə inandığı üçün oxumadan imzaladığını bildirib. Hakim və prokurorun çoxsaylı suallarına F.Əzizov “mən heç kəsin üzünə dura bilmərəm” deyərək müttəhimlərin əleyhinə ifadə verməkdən imtina edib. Daha sonra polis əməkdaşı Elvin Nəsirov dindirilib və bildirib ki, küçədəki adamları su şırnaqları ilə sulamayınca sakitlik olub, qarşıdurma da bundan sonra başlayıb. Hakim və dövlət ittihamçısı bunun belə olmadığını bildirərək etiraz ediblər, E. Nəsirov da onlara “mən olanı deyirəm” söyləyərək etiraz edib. Eyni zamanda işdə zərər çəkmiş mülki şəxslər dindirilib və onlar müttəhimlərə qarşı  tələbləri olmadığı bildirib”,-deyə vəkil bildirib.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur. T. Yaqublu hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

Mərhum jurnalistin cinayət işinin icraatı dayandırılıb

Next Post

Jurnalist ev dustaqlığına buraxılmadı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.