“NOTA” QƏZETİ İLƏ DAXİLİ QOŞUNLAR KOMANDANLIĞI ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

sentyabr 15th, 2009
Bu gün (15 sentyabr) Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Daxili Qoşunlar (DQ) komandanı general-leytenant Zakir Həsənov, DQ komandanının müavini, general-mayor Fəxrəddin Səmədov, DQ-nin kadrlar idarəsinin rəisi polkovnik Nəsir Hüseynov və DQ Maliyyə Xidmətinin rəisi Namiq Poladovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirildi.

Prosesdə iddiaçının vəkili Əlirza Əbilov və cavabdeh tərəfdən “Nota” qəzetinin baş redaktor əvəzi S. Əlibəyli və onun vəkili Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov iştirak edirdilər.
Hakim işə mahiyyəti üzrə baxılması üçün prosesi 29 sentyabr saat 16:00-a təyin etdi.
Qeyd edək ki, iddiaçı tərəf cəzanın artırılması, cavabdeh tərəf isə hökmün ləğv edilməsi və bəraət verilməsi ilə bağlı apellyasiya şikayəti verib.
 Xatırladaq ki, iddiaçılar “Nota” qəzetində DQ ilə bağlı dərc olunmuş yazılara görə qəzetin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddia qaldırmış və Nizami rayon məhkəməsi 20 iyul tarixində cavabdehə 7 ay icbari iş verilməsi və aylıq gəlirinin 4 faizinin dövlətin nəfinə tutulması barədə hökm oxuyub.