JMK SÖZ VƏ MƏTBUAT AZADLIĞININ DURUMU İLƏ BAĞLI ABŞ-IN YENİ SEÇİLMİŞ PREZİDENTİNƏ MÜRACİƏT EDİB

Qərargahı Nyu Yorkda yerləşən Beynəlxalq Jurnalistlərin Müdafiə Komitəsi ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamaya məktubla müraciət edərək mətbuat azadlıqları sahəsində vəziyyəti diqqətdə saxlamağa çağırıb (”Yeni Müsavat”).

Təşkilatın saytında yerləşdirilmiş açıq məktubu Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin sədri Paul Steyger imzalayıb.
Məktubda deyilir ki, Obama səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-ın mətbuat azadlıqlarının müdafiəçisi kimi dünyadakı lider rolunu bərpa etməli, Azərbaycan da daxil olmaqla bəzi ölkələrdə son illər xüsusilə ağırlaşan vəziyyətlə bağlı tədbirlər görməlidir:
“Cənab Obama, mən sizə Jurnalistləri Müdafiə Komitəsinin sədri kimi yazıram və xahiş edirəm ki, ABŞ-ın Azərbaycan, Misir, Efiopiya, Mərakeş və Pakistan kimi tərəfdaşlarında jurnalistlərin hansı vəziyyətdə işlədiyinə diqqət yetirəsiniz. Bu yaxınlarda senator Riçard Luqar bəyan edib ki, mətbuat azadlıqları bu ölkələrdə avtoritar hökumətlərdən demokratiyaya keçid üçün aparıcı rola malik ola bilər. Sizin İllinoys ştatından olan senator həmkarınız Riçard Darbin isə hesab edir ki, Amerika dünyada insan haqları pozuntularına qarşı çıxan və mətbuat azadlıqlarını müdafiə edən çempion ölkə olaraq qalmalıdır. Mən ümid edirəm ki, sizin prezidentliyiniz dövründə Amerikanın bu liderliyi möhkəmlənəcək”.
Məktubda daha sonra təşkilatın  dekabr ayına olan məlumatlara əsasən bildirilib  ki,  dünyada 125 jurnalist həbsdədir, ötən il ilk dəfə internet jurnalistlərinin də həbsi qeydə alınıb. Ötən il dünyada jurnalist ölümləri ilə yanaşı, mətbuat azadlıqlarının pozulmasının müxtəlif formaları da baş verib: “Mən mətbuat azadlıqları prinsipinin sizin prezidentliyiniz dövründə ABŞ-ın xarici siyasətinin mühüm prinsiplərindən biri kimi qorunmasını görmək istəyirəm. Tomas Cefersonun dediyi kimi, bizim azadlıqlarımız mətbuat azadlıqlarına əsaslanır, ona görə də heç vaxt mətbuat azadlıqlarının məhdudlaşdırılmasına yol verə bilmərik”.
Previous Post

İNGİLTƏRƏ MƏKTƏBLƏRİNDƏ TƏDRİS OLUNAN VİCDAN MƏHBUSLARINA DAİR DƏRSLİKDƏ EYNULLA FƏTULLAYEVƏ DƏ YER AYRILIB

Next Post

RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN İSMAYIL HÜSEYNOV YENİDƏN POLİSƏ TƏHVİL VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.